Azərbaycana məhsul ixracına 3 milyard dollardan çox dəstək göstərilib
Rusiya İxrac Mərkəzi (RİM) fəaliyyəti dövründə Azərbaycana məhsul ixracına 3 milyard dollardan çox dəstək göstərib.

“Azərbaycan iqtisadiyyatı” Teleqram kanalı RİM-ə istinadən xəbər verir ki, bu barədə Mərkəzin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Nuri Quliyev deyib.
Onun sözlərinə görə, tarixən Rusiyanın Azərbaycana ixracının ən perspektivli sahələri aşağıdakı sənaye sahələridir: ildə təqribən 324 milyon ABŞ dolları dəyərində buğda, minik avtomobilləri – ildə 281 milyon dollar, dərman vasitələri – 214 milyon dollar, dəmir yolu lokomotivləri – 101 milyon dollar, metal konstruksiyalar – 101 milyon dollar, taxta – 85 milyon dollar, şəkər – 77 milyon dollar, boru kəmərləri üçün armaturlar – 70 milyon dollar və polad təbəqələr – 57 milyon dollar.
“Məhsulların Azərbaycan bazarına çıxarılmasının ən səmərəli yollarından biri Bakıda keçirilən beynəlxalq sənaye sərgilərində iştirakdır. Bakı Ekspo Mərkəzinin müasir meydançasında irimiqyaslı qida, sənaye, neft-qaz, nəqliyyat, tibb və digər tədbirlər keçirilir”, – deyə N.Quliyev qeyd edib.
Bildirilir ki, 2022-ci il ərzində RİM Rusiyadan Azərbaycana 479,8 milyon dollar məbləğində qeyri-xammal, qeyri-enerji ixracatını dəstəkləyib. Eyni zamanda, 48,4 milyon dollar məbləğində birbaşa qeyri-maliyyə və 431,4 milyon dollar maliyyə dəstəyi göstərilib. 2023-cü ilin yanvar-sentyabr aylarının nəticələrinə əsasən, dəstəyin həcmi 159,8 milyon dollar təşkil edib.