Türkiyə Respublikasının nəqliyyat və infrastruktur nazirinin müavini Ömer Fatih Sayanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərkosmosun Əsas Yerüstü Peyk İdarəetmə Mərkəzində olub.
Görüş zamanı qonaqlara Azərkosmosun fəaliyyət istiqamətləri, peyklərin idarə olunması, telekommunikasiya və Yerin məsafədən müşahidəsi peykləri vasitəsilə həyata keçirilən layihələr barədə məlumat verilib. Həmçinin ölkədə kosmik ekosistemin yaradılması və beynəlxalq əməkdaşlığın genişləndirilməsi istiqamətində görülən işlərdən danışılıb.
Səfər çərçivəsində qonaqlara Azərkosmos və Türkiyənin Kosmik Agentliyi, Türkiyənin Elmi və Texnoloji Tədqiqat Şurası – TÜBİTAK, peyk operatoru Türksat ilə kosmik sahədə əməkdaşlıq imkanlarından bəhs olunub.
Qarşılıqlı fikir mübadiləsi ilə davam edən görüşdə qonaqlara 2023-cü ildə Bakı şəhərinin ev sahibliyi edəcəyi 74-cü Beynəlxalq Astronavtika Konqresinin hazırlıq işləri barədə məlumat verilib. Qlobal səviyyədə kosmik ictimaiyyəti Bakida bir araya gətirəcək konqresin region üçün xüsusi əhəmiyyət kəsb etdiyi vurğulanıb.
Azərkosmos haqqında
Azərbaycan Respublikasının Kosmik Agentliyi – Azərkosmos Azərbaycanda innovativ kosmik ekosistemin inkişafının aparıcı qüvvəsidir. Cənubi Qafqazda ilk və yeganə peyk operatoru olan Azərkosmos 2010-cu ildə fəaliyyətə başlayıb. Hazırda iki telekommunikasiya peyki (Azerspace-1 və Azerspace-2) və bir Yer səthinin məsafədən müşahidəsi peyki (Azersky) vasitəsilə dünya üzrə tərəfdaşlarımıza yüksək keyfiyyətli peyk xidmətləri təqdim edirik. Peyklərimiz üzərindən geniş çeşiddə xidmətlər və həllər təqdim etməklə yanaşı, Azərbaycanda kosmik sənayenin inkişafının dəstəklənməsi və səmərəli həllərin yaradılması məqsədilə Azərkosmosun nəzdində fəaliyyət göstərən Tədqiqat və İnkişaf Mərkəzində müxtəlif layihələr həyata keçirilir. Bundan əlavə, beynəlxalq kosmik layihələr çərçivəsində xarici dövlətlərin kosmik agentlikləri ilə kosmosdan dinc məqsədlərlə istifadə üzrə qarşılıqlı əməkdaşlıq əlaqələri qururuq. Ölkəmizdə kosmik sahənin inkişafına töhfə verəcək innovativ ideyaların və startapların aşkar olunması və inkişaf etdirilməsi məqsədilə ölkənin startap ekosisteminə dəstəyin verilməsi də fəaliyyətimizin prioritet istiqamətlərindən biridir. Daha ətraflı məlumatı veb-saytımızdan ala bilərsiniz.











