Səfəvi dövrü Azərbaycan xalçaları Nyu Yorkda təqdim edilmişdir.
ABŞ-Azərbaycan Ticarət Palatası (USACC) və Azərbaycan Respublikasının ABŞ-dakı səfirliyinin birgə təşkilatçılığı ilə Nyu York şəhərində qədim Azərbaycan xalçalarından ibarət sərgi təşkil edilmişdir. Nyu Yorkda yerləşən Türk Evində təşkil edilmiş sərgiyə yerli icma nümayəndələri, qədim xalça mütəxəssis və kolleksionerləri, BMT yanında fəaliyyət göstərən müxtəlif ölkələrin missiyalarının nümayəndələri qatılmışdır.
Sərginin əsas eksponatları, əsasən 17-ci əsrin sonları və 18-ci əsrin əvvəllərinə aid Səvəfi saray xalçaları olmuşdur. Xalçalar Boston şəhərində yaşayan soydaşımız Əmir Üskülü tərəfindən müxtəlif tanınmış kolleksionerlərdən əldə edilmiş və hazırda Bostonda Əmir Üskülünün şəxsi kolleksiyasında saxlanılmaqdadır.
Tədbiri açılış sözü başlayan ABŞ-Azərbaycan Ticarət Palatasının icraçı direktoru Natiq Baxışov sərgi iştirakçılarını Ticarət Palatası və Səfirlik adından salamlamış və sərgi barədə qısa məlumat vermişdir. Nyu Yorkda keçirilən sərginin sayca ikinci belə sərgi olduğunu bildirən Natiq Baxışov birinci sərginin Vaşinqtonda keçirildiyini və xalçaların böyük maraq doğurduğunu bildirmişdir.
Daha sonra çıxış edən Azerbaycan Respublikasının ABŞ-dakı səfiri Xəzər İbrahim Azərbaycan Səfəvi dövrünə aid xalçaların Nyu Yorkda məhz Türk Evində yerli ictimaiyyətə təqdim edilməsinin xüsusi önəmini vurğulamışdır. O, Azərbaycanın xalçaçılıq sənətinin qədim tarixə sahib olduğunu və hazırda da Azərbaycan xalçaçılarının bu qədim sənəti qoruyub saxladıqlarını bildirmişdir.
Sərgi eksponatlarının sahibi Əmir Üskülü söz alaraq, sərgidə nümayiş olunan xalçalar barədə, onların tarixi və Azərbaycanda xalçaçılıq ənənələri barədə danışmışdır. Azərbaycan xalçaları üzərində olan naxışların haradan qaynaqlandığı və əsrlərlə səyahət edərək xalçalar üzərinə necə keçdiyi barədə verilən məlumat xüsusi marağa səbəb olmuşdur.
Sonda, Türk Evinə minnətdarlıq əlaməti olaraq, Əmir Üskülünün şəxsi kolleksiyasından 16-ci əsrin sonları və 17-ci əsrin əvvəllərinə aid Qərbi Anadolu Uşak Xalısının fraqmenti Türkiyə Respublikasının Nyu Yorkdakı Baş Konsulu Reyhan Özgürə kolleksioner, USACC və Azərbaycan Səfirliyi adından təqdim olunmuşdur.
Təqdim olunan hədiyyəni böyük məmnuniyyətlə qəbul edən Türkiyə baş konsolu Reyhan Özgür belə bir tarixi əhəmiyyətli hədiyyəyə görə minnətdarlığını ifadə etmiş və təqdim olunan əsərin Türk Evinin mötəbər yerlərinin birində nümayiş olunacağını bildirmişdir.
Tədbir Nyu Yorkda yaşayan istedadlı kamança ifaçısı Şəbnəm Allahverdiyevanın ifası ilə davam etmişdir.
Suallar üçün:
Nural Əliyev
Layihə Əlaqələndiricisi
ABŞ-Azərbaycan Ticarət Palatası
Naliyev@usacc.org