Sığorta haqqında (I hissə).

  1. Sığorta nədir?

Sığorta hər hansı itkiyə məruz qalmış şəxsi buna səbəb olmuş hadisədən əvvəlki maliyyə vəziyyətinə qaytarmaq üçün təzminatla təmin edən vasitədir.

Sığorta sığortalının və ya sığorta olunanın əmlakı, həyatı, sağlamlığı, mülki məsuliyyəti, həmçinin qanunla qadağan olunmayan fəaliyyəti, o cümlədən sahibkarlıq fəaliyyəti ilə əlaqədar olan əmlak mənafelərinin müdafiəsi sahəsində riskin ötürülməsinə və ya bölüşdürülməsinə əsaslanan münasibətlər sistemidir.

  1. Risk nədir?
  • Risk arzuolunmaz hadisənin baş verməsi ehtimalıdır.
  • Risk təhlükələrin birləşməsidir.
  • Risk təsadüfilikdir: faktiki nəticələrin proqnozlaşdırılan nəticələrdən fərqlənməsi tendensiyasıdır.
  • Risk itkinin baş verməsi ilə bağlı qeyri-müəyyənlikdir.
  • Risk itkinin baş verməsinin mümkünlüyüdür.

Sığortalanan risklər aşağıdakı xüsusiyyətlərə malik olmalıdırlar:

  • Dəyən zərərin həcmi pulla ölçülə bilən olmalıdır;
  • Sığortalanan risklə bağlı baş vermiş kifayət qədər çoxlu sayda hadisələr olmalıdır;
  • Riskin həyata keçməsi nəticəsində heç bir qazanc və ya gəlir əldə olunmamalıdır;
  • Baş verən itki təsadüfi olmalıdır;
  • İctimaiyyətə zərərli bir əməlin nəticəsi olmamalıdır;
  • İtki baş verdiyi halda sığortalının zərər çəkmə ehtimalı olmalıdır.
  1. Nələri sığortalamaq olar?

Qanunazidd mənafelər, həmçinin qanuni, lakin sığortalanması qadağan olunan mənafelər, cərimələr, habelə oyunlarda, mərclərdə, lotereyalarda iştirakla bağlı mənafelərdən başqa qanunazidd olmayan hər hansı əmlak mənafeyinin aid olduğu fiziki şəxs, əmlak və ya hal sığortalana bilər.

  1. Sığorta bazarının iştirakçıları kimlərdir?

Sığorta bazarının peşəkar iştirakçıları:

  • Sığortaçılar (Satıcılar);
  • Təkrarsığortaçılar;
  • Sığorta vasitəçiləri (sığorta agenti və sığorta brokeri);
  • Aktuarilər;
  • Müstəqil auditorlar;
  • Müstəqil ekspertlər;
  • Sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxslər.

Sığorta bazarının digər iştirakçıları:

  • Sığortalılar (Alıcılar);
  • Sığorta olunanlar;
  • Faydalanan şəxslər.

Sığortalı – sığorta haqqı ödəyən, sığorta obyektinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfi
Sığortaçı – sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan yerli hüquqi şəxs
Təkrarsığortaçı – təkrarsığorta fəaliyyətinə lisenziyası olan, ilkin sığortaçı və ya ilkin təkrarsığortaçı tərəfindən bağlanmış sığorta və ya təkrarsığorta müqavilələri əsasında sığortalanmış (təkrarsığortalanmış) riskləri təkrarsığortalayan (təkrarsığortaya qəbul edən) tərəf
Sığorta agenti – müvafiq lisenziyası olan və sığortaçıya sığorta müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün vasitəçilik xidməti göstərən şəxs
Sığorta brokeri – müvafiq lisenziyaya malik olan və sığorta (təkrarsığorta) müqaviləsinin bağlanması, yenilənməsi və ya davam etdirilməsi üçün sığortalıya (təkrarsığortalıya) vasitəçilik xidməti göstərən şəxs
Aktuari – qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssisdir.
Azərbaycan Respublikasının sığorta sahəsində yardımçı fəaliyyət göstərən hüquqi şəxsləri və müstəqil ekspertləri yalnız maliyyə bazarlarına nəzarət orqanının reyestrinə daxil edilmiş olduqları halda sığorta əməliyyatları üzrə xidmət göstərmək üçün cəlb oluna bilərlər.

  1. Sığortaçıların hansı fəaliyyət istiqamətləri vardır?

Sığorta sığortaçıların fəaliyyət istiqamətləri baxımından həyat sığortası və qeyri-həyat sığortası (ümumi sığorta) sahələrinə, sığorta obyekti baxımından şəxsi sığorta və əmlak sığortası sahələrinə bölünür.

  1. Sığorta haqqı nədir?

Risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində könüllü sığortada sığorta müqaviləsi ilə, icbari sığortada isə icbari sığorta qanunları ilə nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul məbləğidir.

  1. Sığorta ödənişi nədir?

Sığorta hadisəsi baş verdikdə, icbari sığorta qanunlarına və ya sığorta müqaviləsinə uyğun olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır.

  1. Sığorta məbləği dedikdə nə başa düşürük?

Sığorta məbləği dedikdə, sığortalanmış risklər üzrə sığortaçının öhdəliyinin icbari sığorta üzrə icbari sığorta qanunları ilə, könüllü sığorta üzrə sığorta müqaviləsi ilə müəyyənləşdirilmiş məbləğlə ifadə olunan son həddi başa düşülür.

  1. Əmlakın sığorta dəyəri nədir?

Əmlakın sığorta dəyəri dedikdə, sığorta müqaviləsi bağlanan andakı bazar dəyəri nəzərdə tutullur.