“Uğur psixologiyası” kitabının təqdimatı və imza günü
Oktyabrın 12-də “Uğur psixologiyası” kitabının müəllifi Fəzilə Əsgərova ilə imza günü təşkil olunub.
“Libraff Park Akademiya”da MİMTA Yayımları tərəfindən təşkil olunan imza günü çərçivəsində oxucularla görüş keçirilib və kitabın hədəf auditoriyası barədə məlumat verilib.
Qeyd edək ki, “Uğur prsixologiyası” kitabının təqdimatı oktyabrın 4-də XI Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində keçirilib.

Nəşr karyerasında ilk addımlar atan gənclər, karyerasının ən yüksək pilləsinə doğru addımlayan peşəkarlar, böyük komandalara rəhbərlik edən menecerlər, liderlik keyfiyyətlərini təkmilləşdirmək istəyən şəxslər, insan resursları peşəkarları üçün səmərəli məlumat mənbəyidir.
Müəllif kitabdaidarəetmə vasitələri, biznes və peşəkar ünsiyyət texnikaları, dinləmə, empatiya, düzgün sual vermə metodları, çətin söhbətlərin aparılması, liderlik və dostluq, rəhbər və işçi arasındakı subordinasiya formaları, paradiqma və onun formalaşması, ideyaların həyatımızda oynadığı rol, şəxsi brendin formalaşması sirləri, dəyişiklərin təsiri və çətin qəbulu, səhvlərin sürətli inkişafa verdiyi töhfələr, süni zəkanın liderlərə etdiyi çağırışlar, subyektiv qiymətləndirmənin fəsadları, karyera xəritəsinin vacibliyi, iş yerində psixoloji təhlükəsizlik, insan resursları peşəkarlarının oynadığı rola böyük yer ayırıb.
Kitabda oxucuları düşündürəcək qısa testlər də yer alıb.
Kitabın sonunda karyerasında uğura imza atmış şəxslərlə müsahibələr isə nəşrdə bəhs olunan bir sıra məqamları daha da vurğulayır və dəstəkləyir.
Oxuculara Azərbaycan dilində təqdim olunan kitabın ingilis və rus dillərində nəşri də nəzərdə tutulub.
Müəllif haqqında:
30 ilə yaxın peşəkar təcrübəyə sahib olan Fəzilə Əsgər qızı Əsgərova uzun müddət insan resursları sahəsində fəaliyyət göstərərək İR komandalarına rəhbərlik edib.

O, işlədiyi şirkətlər və təşkilarlarda İR transformasiyaları, dəyişikliklərin idarə olunması proseslərinin təşəbbüskarı olmaqla bu proseslərə rəhbərlik edib.
Fəzilə Əsgərova 14 il bank sektorunda, 13 il neft və qaz sektorunda işləyərək son iş yerində beynəlxalq şirkətin Azərbaycan və Gürcüstan üzrə ölkə direktoru vəzifəsinə qədər yüksəlib.
200-dən çox təlimin müəllifi olan Fəzilə Əsgərova əldə etdiyi nailiyyətləri və təcrübəni 2005-ci ildən ölkənin bir çox təlim mərkəzlərində müxtəlif korporativ auditoriyalarla bölüşməkdədir.
Fəzilə Əsgərova 2016-cı ildə Franklin Kovi Sinqapurun (FranklinCovey Singapore) Liderlik təlimçisi sertifikasiyasını əldə edərək təlim coğrafiyasını Rusiya, Qazaxstan və Gürcüstanda genişləndirib.
Fəzilə Əsgərova çalışdığı beynəlxalq şirkətlərdə əldə etdiyi nailiyyətlər və təcrübələrini həmçinin Azərbaycanın müxtəlif ali məktəblətində (ADA, Azərbaycan Dövlət Neft Akademiyası, Bakı Ali Neft Məktəbi) tələbələrlə görüşərək onlara erkən karyera və fərdi brendin formalaşdırılması istiqamətində təlim sessiyaları keçir.
Hazırda Fəzilə Əsgərova ADA Universitetinin İnkişaf və Diplomatiya İnstitutunun, “DİOMAS Group”un, “Synergy Academy” liderlik mövzuları üzrə biznes təlimçisi kimi fəaliyyətini davam etdirir.