Kaspersky “deepfake”-i tanımaq üçün tövsiyələri ilə bölüşür

Yaxın vaxtlara qədər təcavüzkarlar özlərini bankın və ya hüquq-mühafizə orqanının işçisi kimi təqdim edərək istifadəçiləri aldadırdılar. Bu gün onların sxemləri və texnikaları inkişaf edərək daha mürəkkəb və inandırıcı hal alır. Daha böyük inam qazanmaq üçün fırıldaqçılar dərin saxtakarlıq (deepfake) kimi müasir texnologiyalardan getdikcə daha çox istifadə edirlər. Bunlar maşın öyrənmə vasitəsilə süni şəkildə yaradılmış audio, foto və ya video materiallardır. Onlardan bəziləri həqiqətən real görünür və istifadəçinin onu ayırd etməsi asan olmaya bilər. Fırıldaqçılar özlərini başqa insanlar kimi təqdim edərək istifadəçiləri aldada bilərlər. Buna görə də internetdə və telefonda hər hansı bir məlumata qarşı daima ayıq-sayıq olmaq və tənqidi yanaşmaq vacibdir. Sizə hədə-qorxu gəlinərsə, təcili bir şey etməyiniz istənilirsə və ya düşünməyə vaxt verilməzsə, ehtiyatlı olmaq lazımdır.

“Dərin saxtakarlıq (deepfake) şantaj və fırıldaqçılıq cəhdlərində getdikcə daha çox istifadə olunur. Məsələn, Britaniyanın böyük enerji şirkətinin rəhbəri bu yaxınlarda onun törəmə şirkətinin rəhbərinin deepfake səsli mesajı vasitəsilə təcili pul köçürməsi istəməsi nəticəsində 243.000 dolları fırıldaqçılara qapdırıb”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir. Onun sözlərinə görə, dərin saxtakarlıq təkcə biznes üçün deyil, həm də adi istifadəçilər üçün təhlükə yaradır, çünki onlar dezinformasiya yaymaq və fırıldaqçılıq üçün istifadə oluna bilər. Bu səbəbdən istifadəçilərin rəqəmsal savadlılığının artırılması bu təhlükələrə qarşı mübarizə aparmaq üçün vacibdir.

Dərin saxtakarlıq üsulu ilə hazırlanan videonu necə tanımaq olar. Hər şeydən əvvəl, kadrda qeyri-adi bir şeyin olub-olmadığını görmək üçün onu diqqətlə nəzərdən keçirməlisiniz. Məsələn, süni şəkildə yaradılmış videolarda siz qeyri-təbii hərəkətləri müşahidə edə bilərsiniz: artikulyasiya həmişə nitqlə üst-üstə düşmür və üz ifadələri təhrif oluna bilər. Bəzən ekrandakı adam gözünü heç qırpmır.

Bundan başqa, saxta məzmunda qeyri-təbii kölgələr, işıqlandırmalar və haşiyələrç, rəng uyğunsuzluğu kimi rəqəmsal artefaktlar (təhriflər) üzə çıxa bilər. Məsələn, dəri tonu orijinalına uyğun gəlmir, gözlərdə və qaşlarda qəribə kölgələr görünür, üzün cizgiləri aydın sezilmir. Bütövlükdə “görüntünün” keyfiyyətinə də diqqət yetirin – bulanıqdırsa və dəri qeyri-təbii şəkildə hamar görünürsə, ehtiyatlı olmalısınız.

Dərin saxtakarlıq üsulu ilə hazırlanan səsi necə tanımaq olar. Yadda saxlamaq lazımdır ki, təcavüzkarların məqsədi qurbanı gözlənilməz anda tələyə salmaqdır. Məsələn, ondan təcili bir iş görməyi xahiş edirlər və düşünmək üçün vaxt vermirlər. Gözlənilməz bir vəziyyət və stress fonunda qurban sayıqlığını itirir. Buna görə də, ilk növbədə, qeyri-adi zəng, xüsusən də naməlum nömrədən zəng gəlsə, bu, daxil olan məlumatlara son dərəcə diqqətli və tənqidi yanaşmaq üçün həyəcan təbili çalır.

Nitqin qeyri-təbii monotonluğu və zəif səs keyfiyyəti, dəstəyin o biri başında fırıldaqçı ilə danışdığınızı müəyyən etməyə kömək edəcək əlamətlərdəndir. Həmsöhbətin nitqinə diqqət yetirin: əgər anlaşılmazdırsa, çox güman ki, səs neyron şəbəkəsi tərəfindən emal edilir. Əgər mümkün olarsa, aldadılmadığınızdan əmin olmaq üçün başqa kanallar vasitəsilə həmin şəxslə əlaqə saxlayın. Bununla belə, unutmayın ki, bunlar cinayətkarlarla qarşılaşdığınızın mümkün əlamətlərindən yalnız bəziləridir, çünki onlar öz sxemlərinə daha inandırıcı elementlər əlavə etmək üçün daim dəyişikliklər edirlər. Rəqəmsal savadınızı daim təkmilləşdirin, həmçinin cihazınızda, məsələn, daxil olan zəngin arzuolunmaz olduğunu bildirən etibarlı təhlükəsizlik həlli quraşdırın.