İnvestisiya yatırımı, çox ciddi işdir
- “Əgər qarşılaşdığınız reklamda yatırımçıya qısa bir müddət ərzində 10, 50 və ya 100 qat qazanc təklif edilirsə, mütləq bir addım geri çəkilin. Çünki belə bir qazanc mexanizmləri real deyil!”
Hazırda sosial şəbəkələrdə, birjada qısa bir zamanda pul qazanmaq üçün çoxsaylı cəlbedici təkliflər mövcuddur. Bu reklamlar, əsasən hər kəsə bəlli olan şirkətlərin səhmlərinin alqı-satqı platforması şəklində ortaya çıxır. Nələr vəd etmirlər?! Siz sadəcə pulunuzu yatırır, birjanın iştirakçısı olur və sonra “yağ-bal içində üzürsünüz”. Heç bir şey etməyinizə ehtiyac yoxdur, sizə hər şeyi söyləyəcəklər, amma unutmayın ki, “Pulsuz pendir, ancaq siçan tələsində olur!”.
- Broker kimdir? Broker – lisenziya əsasında sövdələşmənin tərəfləri arasında ödəniş müqabilində vasitəçilik funksiyalarını yerinə yetirən təşkilatdır (və ya onun işçisidir).
İnternetdə saxta brokerlərin sayı getdikcə artır, onların yeganə məqsədi pulunuzu istənilən yolla mənimsəməkdir. Birjada ticarət – ciddi iş, bacarıq və məlumatlı olmağı tələb edir. Bunlar olmadığı halda qazanc deyil, mərsrəflərlə baş-başa qalacaqsınız. Saxta brokerlərin fəaliyyətinin qurbanı olmamaq üçün bu qəbildən olan təkliflərdən zərər çəkməmək üçün nəyə diqqət edilməli, nələri nəzərə almalıyıq? Bu sualların cavablandırması üçün Biznes kouç Sənan Həsənova müraciət etdik.
- Son zamanlar sosial şəbəkələrdə, broker şirkətlərinin ofisə getmədən, eləcə də zaman və səy sərf etmədən qazanc əldə etmək təklifinə dair reklamlar sanki bir-biri ilə yarışır. Sosial şəbəkədə bu qəbildən reklam yerləşdirən şirkətlərə hər hansı bir qurum tərəfindən nəzarət edilirmi?
Belə reklamlarla mən də qarşılaşıram, amma bu reklamların nəzarətə götürülməsi mümkün deyil. Belə ki, istənilən şəxs reklam yerləşdirə bilər. Bu faktorun sosial şəbəkələr üzərindən məhdudlaşdırılması, hansısa bir formada nəzarət edilməsi qeyri-realdır. Söhbət dövlət nəzarətindən gedirsə, bu sadəcə yaranmış keyslər əsasında ola bilər, yəni araşdırılaraq, aşkar edilərək, şəxslər məsuliyyətə cəlb edilə bilərlər.
Amma başlıca problem, bu reklamların xarici dövlətlərdən yerləşdirilməsidir. Burda hər hansı bir qurumun, təşkilatın edə biləcəyi faydalı addım – maarifləndirmədi. İnsanları bu cür hallara, reklamlara qarşı diqqətli olmaları, öz vəsaitlərini bu qəbildən platformalarda yerləşdirmələri üçün məlumatlandırmaq vacibdir.
- Sənan bəy, zəhmət olmasa oxucularımız üçün qanuni fəaliyyət göstərən broker şirkətlərində yatırım, qazanc və qazanılan pul vəsaitinin çıxarılması sistemini izah edərdiniz.
Təbii ki. İlk öncə bir şeyi anlamaq lazımdır – broker şirkətləri ilə fəaliyyət, ümumiyyətlə yatırım ciddi bir prosesdir. Bu, hər hansı platformaya, hesaba pul köçürməklə, və yaxud da broker şirkəti ilə müqavilə bağlamadan, danışıqlar aparmadan görülən bir iş deyil. Vurğulamaq istədiyim məqam, investisiya prosesinin sadə bir proses olmamasıdır.
Bu səbəbdən də oxucular, investisiya proseslərinin onlayn həyata keçirilməsi təklif edildiyi halda, qarşı tərəfə diqqətlə yanaşmalı olduqlarını nəzərə almalıdırlar. Ən azından qazandıqları bir yatırım edirlərsə, əməkdaşlıq edəcəkləri broker şirkətini bir araşdırmaları, məlumat almaları lazımdır. Yenə təkrar edirəm, bu ciddi iş, ciddi bir prosesdir, demək ki, buna zaman sərf etmək lazımdır.
İş prosesinə gəldikdə isə broker şirkəti sizi ilkin görüşə dəvət edir, fəaliyyəti barədə, eləcə də vəsaitinizin etibarlı yatırımına dair məsələlər barədə məlumat verdikdən və iş prosesini detallı şəkildə izah etdikdən sonra müvafiq müqavilə imzalanmaq üçün hazırlanır. Bağlanmış müqavilə əsasında vəsaiti broker şirkətinin idarəetməsinə verir və onlar da sizə müvafiq sistem təqdim edirlər. Daha sonra sistem üzərindən bütün proseslərə nəzarət edə bilirsiniz. Yəni bu bir ciddi, zaman və əmək tələb edən prosesdir. Əgər sadə bir mexanizm təklif edilirsə buna şübhə ilə yanaşmalıdırlar.
- Yatırım etdikdən sonra vəsaitin çıxarılması üçün qanuni vergi miqdarının həcmi nə qədərdir və hansı quruma ödənilir?
Qanunvericiliyə əsasən şəxs gəlir əldə etdikdə, müvafiq olaraq, gəlirin vergisini ödəməsi mütləqdir. Faktiki olaraq sahibkar fiziki şəxs olaraq müəyyən bir fəaliyyətlə məşğul olur, bu fəaliyyət banklar üzərindən həyata keçirilsə də, eyni mexanizm mövcuddur. Səhv etmirəmsə yeni qanunvericilikdə banklarda yerləşdirilən depozitlərdən əldə edilmiş faiz gəlirlərindən də vergi nəzərdə tutulur. Ona görə, istənilən halda əldə olunan gəlirlərin vergiyə cəlb olunması labüddür. İnkişaf etmiş ölkələrdə şəxslər tərəfindən özü ödənilir, amma bizdə, vergilər tutulduqdan sonra, qalan vergi xaric məbləğ müştəriyə ödənilmiş olur.
İndi isə pozitiv ssenaridən neqativ ssenariyə keçid edək. Hər kəsin maliyyə savadına sahib olduğu sirr deyil, bu səbəbdən də əmanətini bu reklamlardakı təklifdən şirniklənib birjada yatırım edərək, aldadılanların sayı durmadan artır.
- Elə isə investisiya yatırımları üzrə biliyə sahib olmayan, amma bu platformada gəlir əldə etmək istəyənlər, hansı meyarlara görə, Broker şirkətinin fəaliyyətinin qanuni və ya qeyri-qanuni olduğunu necə anlaya bilər?
Broker şirkətinin fəaliyyətini əks etdirən, eləcə də qeydiyyat sənədlərinin təqdim edildiyi müvafiq sayt olmalıdır. Şirkətin müəyyən dövlət strukturunda qeydiyyatdan keçdiyini yoxlama imkanı yaradan mexanizm olmalıdır.
İlk növbədə, brokerin qiymətli kağızlar bazarının peşəkar iştirakçısı kimi lisenziyasının olub-olmadığını yoxlayın. Əks halda, onlar qeyri-qanuni mühacirdirlər.
Reyestrdəki şirkətin adının brokerin müqavilədə göstərdiyi ilə tam uyğun olduğundan əmin olun. Broker sizi demək olar ki, eyni ada malik “tərəfdaş” xarici şirkətlə müqavilə imzalamağa dəvət edə bilər, bu isə çox risklidir. Çünki xarici brokerlə müqavilə bağladıqdan sonra, hüquqlarınız pozularsa, öz maraqlarınızı həmin xarici şirkətin qeydiyyatda olduğu ölkədə müdafiə etməli olacaqsınız. Yaşadığınız ölkənin hüquq-mühafizə orqanları və məhkəmələri sizə kömək edə bilməyəcək.
Brokerin veb-saytını nəzərdən keçirin, İnternetdə müştəri rəylərini oxuyun. Şirkətin tarixinə diqqət yetirin, potensial brokerinizin adının maliyyə qalmaqalları ilə bağlılığının olub-olmamasını araşdırın.
Əgər Azərbaycandan söhbət gedirsə, vergi orqanlarının saytına daxil olub həmin broker şirkətinin rəhbərini və yaxud da müəyyən rəsmi göstəricilərini qeyd etməklə onun həqiqətən mövcud olduğunu araşdırmaq mümkündür. Ölkəmizdə ən azı 5-10 il iş təcrübəsinə malik bir sıra broker şirkəti fəaliyyət göstərir.
Demək istədiyim odur ki, broker şirkəti ilə müəyyən iş birliyinə başlamadan öncə araşdırmaq lazımdır, əgər qeydiyyat tarixləri çox qısa bir müddətə aiddirsə, bu şirkətlər çox zaman qısa bir zamanda bağlamaq üçün formalaşdırırlar.
- Pul vəsaitini fırıldaqçı brokerlərin qurbanı etməmək üçün yatırım edərkən nəyə diqqət edilməlidir?
Pul vəsaitinə məsuliyyətlə yanaşmaq lazımdır, hara gəldi, düşünmədən və yaxud da analiz etmədən vəsaitin yatırılması doğru deyil. İstər ölkə daxili, istərsə də xaricdə təcrübəli və tanınan çox sayda broker şirkətləri mövcuddur. Bəzən, müştəri cəlb etmək üçün reklamlarda, məsələn SOCAR kimi böyük qurumların adından istifadə olunur. Halbuki, bu şirkət yetərincə açıq bir qurumdur, şirkətdaxili istiqrazlar buraxılır və broker şirkətləri mövcuddur. Reklam edilən mexanizmin əslini təsbit etmək üçün ən azından şirkətə bir email yazmaq, zəng edərək danışmaq və yalnız bundan sonra qərarlaşdırmaq lazımdır. Ən etibarlısı isə elə bilavasitə əlaqə qurduğunuz etibarlı şirkətlərin istiqrazlarına yatırım daha məqsədəuyğun olar.
İnvestisiya dünyasına “qədəm qoymağa” qərar verərkən:
- Şirkət nümayəndəsi ilə söhbət edin. Söhbətin tonu işgüzar olmalıdır, heç bir səmimiyyət notları olmamalıdır.
- Lisenziya nömrəsini soruşun. Lisenziya nömrəsi şirkətin veb-saytında, eləcə də bütün hüquqi ünvanlarda olmalıdır. Şirkəti lisenziya nömrəsi ilə araşdırın.
- Veb-sayta baxın. Şirkətin ciddi olub-olmadığını saytdan dərhal görə bilərsiniz.
- Şirkət haqqında onlayn rəyləri axtarın. Rəylərin olmaması saxtakarlığın ilk əlamətidir.
- Müqavilə tələb edin və tanış olun.
Bir önəmli məqamda var ki, istiqgrazlarada müəyyən illik faiz dərəcəsi mövcuddur. Əgər qarşılaşdığınız reklamda yatırımçıya qısa bir müddət ərzində 10, 50 və ya 100 qat qazanc təklif edilirsə, mütləq bir addım geri çəkilin. Çünki belə bir qazanc mexanizmləri real deyil!
Broker ilə müqavilə bağlayın, müqavilənin şərtlərini öyrənin. Bir qayda olaraq, brokerlər öz saytında tariflərlə standart müqavilə dərc edirlər. Qiymətlər və digər şərtlər sizə uyğun gələrsə, broker ofisində müqavilə bağlaya və ya notarial qaydada təsdiq edilmiş sənədləri poçtla göndərə bilərsiniz. Broker lisenziyası olan iri banklar bəzən uzaqdan – veb-sayt və ya mobil proqram vasitəsilə müqavilə bağlamaq təklif edirlər.
- Şirkətin fəaliyyətinin leqal olmadığı halda, yatırılan vəsaitin aqibəti necə olur?
Əksər hallarda bu tipli, fırıldaqçı şirkətlərdə vəsait hüquqi əsaslarda formalaşmır, yəni hər hansı bir müqavilə və ya mexanizm nəzərdə tutulmur. Broker hesabınızı necə maliyyələşdirəcəyinizi öyrənin. Əgər bunun Bitcoin vasitəsilə olduğunu söyləyirlərsə, bu, fırıldaqçılıq əlamətlərindən biridir. Ancaq əmin olun ki, Bitcoin vasitəsilə hesab artırılma fırıldaqçılar üçün sevimli üsuldur.
Burda bir istiqaməti ayırmaq lazımdır: vəsaitlər kripto və ya xarici valyuta ilə qəbul edilir sonra bunu geri almaq çətin olur. Çünki, bu mexanizmlərin leqal və qanunverici əsaları yoxdur. Əslində kripto mexanizmləri yatırım üçün maraqlı alətlərdir, problem onu istifadə edərək yanlış sistem və ya təkliflərdən yararlanmağa çalışmaqdadır.
- Yuxarıda sözügedən fırıldaqçı brokerlər şirkətlərinin reklamları ilə yanaşı, bu şirkətlərə qurban edilən pulların geri qaytarılmasında yardım edəcək şirkətlərin də reklamı heç də az deyil. İtirilən vəsaitin geri qaytarılması üçün hansı orqanlara müraciət etmək lazımdır?
Mənim etdiyim analiz və apardığım tədqiqatların gedişatında əksər hallarda bu şirkətlər elə eyni şirkətlər olur. Yəni özünü öncə broker şirkəti kimi təqdim edir, daha sonra həmin broker şirkətinin aldığı vəsaiti geri qaytarmağı təklif edən komandalar eynidir. Yəni öncə yatırdığınız vəsaiti itirdikdən sonra sizə bu vəsaiti geri qaytarılması ilə əlaqədar təkliflər irəli sürülür. Təbii ki, bu hallar birmənalı şəkildə əlavə itki və zərər gətirən mexanizmdir. Bu məsələlərdə diqqətli olmaq lazımdır. Yenə də qeyd edirəm ki, yeganə çıxış yolu, ölkədə mövcud olan rəsmi broker, rəsmi investisiya şirkətləri üzərindən irəliləməkdir. Bu qəbildən olan broker şirkətlərinin zəng mərkəzləri var, imkanları şəffafdır və istənilən zaman dəstək olmağa hazırdırlar. O baxımdan müraciət etmədən öncə, araşdırmaq, daha sonra yatırımla bağlı qərar vermək lazımdır.
Əgər broker sizə bütün nüansları bildirmir və siz pul vəsaiti itirirsinizsə, bu zaman zərərinizin ödənilməsini məhkəmə vasitəsilə tələb edə bilərsiniz.
Əlavə olaraq vurğulamaq istərdim ki, çıxış yolu – TV, mətbuat üzərindən çox ciddi maarifləndirmə aparılmalıdır. Bu mmarifləndirmə böyük qurumların, şirkətlərin sosial məsuliyyət kampaniyası, aksiyasıdır. Bu səbəbdən də müəyyən meyarlar bəlirlənməli, adından istifadə edilən bu qurumların özləri maksimum dərəcədə geniş maarifləndirmə kampaniyaları etməlidirlə ki, yanlış halların qarşısı alınmış olsun.