Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib

Bakıda Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib. Aprelin 24-də Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Heydər Əliyev Mərkəzində Qırğız Mədəniyyəti Günlərinin təntənəli açılış mərasimi keçirilib. Tədbirdə rəsmilər, iki ölkənin mədəniyyət və incəsənət xadimləri, ictimaiyyət nümayəndələri və digər qonaqlar iştirak ediblər.

Əvvəlcə qonaqlar Heydər Əliyev Mərkəzində təqdim edilən Qırğızıstan Milli Tarix Muzeyinin “Qədim incəsənətin şah əsərləri” adlı sərgisi ilə tanış olublar.

Muzeyin çoxsaylı kolleksiyaları arasında erkən köçəri mədəniyyəti – sak (e.ə.VIII-III əsrlər) və “Xalqların böyük köçü” dövrü tayfalarının (I-V əsrlər) qədim sənət nümunələri maraq doğurur.

Sərgidə əsrlərin dərinliyindən günümüzə qədər gəlib çatmış qiymətli metallardan hazırlanmış yüksək bədii dəyəri olan məmulatlar nümayiş etdirilir. Skif-Sibir “heyvani” üslubunda şişpapaqlı sakların konusvari baş geyimlərinin uc hissəsində istifadə olunan qızıldan hazırlanan ceyran və xoruz miniatür heykəlcikləri xüsusi əhəmiyyətə malikdir.

Bildirilib ki, Çuy vadisindəki Şəmsi kurqanından tapılmış IV-V əsrlərə aid bədii sənət əsərləri – qızıl dəfn maskası, cingiltili asmalarla bəzədilmiş yarımkürə formalı diadema-tac, alın və saç-hörük bəzəkləri, qızıl çərçivədə medalyon qədim incəsənətin şah əsərlərindəndir. Bişkek şəhəri yaxınlığında aşkar edilmiş ənənəvi şəbəkə texnikasında işlənmiş maral təsviri isə güzgü effekti ilə verilib.

Bəşəriyyətin əvəzsiz söz-mədəniyyət mirası “Manas” dastanı, dünya elm və mədəniyyəti xəzinəsinə daxil olan XI əsr müəllifləri – şair-filosof Yusif Balasaqunlu, ensiklopedist alim Mahmud Kaşğari və dünya ədəbiyyatının klassiklərindən Çingiz Aytmatovun əsərləri Qırğızıstan mənəvi mədəniyyətinin görkəmli abidələrindəndir.

Diqqətə çatdırılıb ki, sərgidə nümayiş etdirilən kolleksiyalar Qırğızıstanın qədim dövr sənətkarlarının dünya mədəniyyəti xəzinəsinə verdiyi dəyərli töhfələr haqqında təsəvvür yaradır. Əsrlər boyu təkmilləşdirilmiş ən yaxşı ənənələr və üsullar qırğız xalqının maddi mədəniyyətində bu gün də öz əksini tapır.

Sonda Qırğızısıtanın istedadlı rəssamı, modelyer-dizayner Dilbər Aşımbayevanın etno-model kolleksiyası təqdim edilib. Sərgi və geyim kolleksiyası tamaşaçılar tərəfindən maraqla qarşılanıb. Foyedə qonaqlara milli mətbəx nümunələri təqdim olunub.

Mədəniyyət naziri Adil Kərimli qonaqları və tədbir iştirakçılarını salamlayaraq qeyd edib ki, ölkələrimiz müstəqillik qazandıqdan sonra ilk dəfədir ki, Azərbaycanda Qırğız Mədəniyyəti Günləri keçirilir: “Dövlət başçılarımızın səmimi dostluq münasibətləri son illərdə Azərbaycan ilə Qırğızıstan arasında müxtəlif sahələr üzrə əlaqələrin daha da inkişafına münbit zəmin yaradıb. Dövlət başçılarımızın bu gün Bakıda keçirilən görüşləri və görüş zamanı müxtəlif sahələr imzalanan sənədlər ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə inkişafına öz töhfəsini verəcək”.

Nazir deyib ki, Azərbaycan xalqı görkəmli qırğız yazıçısı Çingiz Aytmatova böyük ehtiramla yanaşıb. Bu gün dövlət başçılarımızın iştirakı ilə Bakı şəhərində Çingiz Aytmatovun abidəsinin açılışının keçirilməsi iki ölkə arasında səmimi dostluq və qardaşlıq münasibətlərinin parlaq təzahürüdür.

“Qırğızıstanda Azərbaycan Mədəniyyəti Günlərinə hazırlıq görülür. İnanıram ki, bu tədbirlər iki ölkə arasında qarşılıqlı mədəni əməkdaşlıqda yeni səhifələrin açılmasına şərait yaradacaq”, – deyə nazir bildirib.

Qırğızıstan Respublikasının mədəniyyət, informasiya, idman və gənclər siyasəti naziri Altınbek Maksutov çıxışında mədəniyyətin bizə ata-babalarımızdan miras qaldığını deyib, onun gələcək nəsillərə ötürülməsinin vacibliyini qeyd edib: “Azərbaycanda keçirilən Qırğız Mədəniyyəti Günləri xalqlarımız arasında ikitərəfli əməkdaşlığı möhkəmləndirəcək. Qırğız və Azərbaycan mədəni əlaqələrinin mövcud vəziyyəti əməkdaşlığın gələcəyinə optimist baxmağa əsas verir. Mədəni müxtəlifliyimizi nümayiş etdirmək üçün həm Azərbaycanın, həm də Qırğızıstanın geniş imkanları var. İnanıram ki, bu əməkdaşlıq bizi daha da yaxın edəcək. Sonda bir daha səmimi qarşılanmaya, yüksək qonaqpərvərliyə görə Azərbaycana təşəkkürümü bildirirəm”.

Çıxışlardan sonra qonaq ölkənin incəsənət ustalarının ifasında geniş konsert proqramı təqdim olunub. Konsertdə Qırğızıstanın Xalq artisti Azamat Bolqonbayev, Əməkdar artistlər Samat Koçorbayev, Elnurə Muktarbekqızı, Gülzinət Surançiyeva, Abdılas Maldıbayev adına Qırğızıstan Milli Akademik Opera və Balet Teatrının artistləri Atabek Sadırkulov və Dayana Kıdırəliyeva, həmçinin “Muras” Folklor-Etnoqrafik Ansamblı, Nurdin Tuqolov adına “Ak-Maral” Dövlət Rəqs Ansamblı, Toktoqul Satılqanov adına Qırğızıstan Milli Filarmoniyasının Çoro Kojomjarov adına Estrada-Simfonik Orkestri və başqaları çıxış ediblər.

Qırğızıstan ifaçılarının təqdim etdiyi musiqi və rəqs nömrələri alqışlarla qarşılanıb. Qeyd edək ki, ölkəmizdə keçirilən Qırğız Mədəniyyəti Günləri aprelin 26-da başa çatacaq.

Günel Həsənova