Azərbaycanda Dünya Torpaq Günü münasibətilə “Sağlam Torpaq – Sağlam Həyat” adlı icma tədbiri keçirilib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi, “Bakı Abadlıq Xidməti” MMC, “EkoSfera” Sosial-Ekoloji Mərkəz İctimai Birliyi və BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) Dünya Torpaq Gününü “Sağlam Torpaq, Sağlam Həyat” adlı qlobal mövzu altında Balaxanıda yerləşən Gilabi Keramika Mərkəzində birgə qeyd ediblər.

Tədbir Qlobal Ətraf Mühit Fonu tərəfindən maliyyələşdirilən və FAO-nun Azərbaycandakı Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə birgə həyata keçirilən “Biomüxtəlifliyin mühafizəsi və davamlı istifadəsi: Azərbaycanın xüsusi mühafizə olunan təbiət əraziləri sisteminin idarəçilik və idarəetmənin təkmilləşdirilməsi yolu ilə gücləndirilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Tədbirin əsas məqsədi torpağın ərzaq təhlükəsizliyinin təmin olunmasında, biomüxtəlifliyin qorunmasında və iqlim dayanıqlılığının gücləndirilməsində oynadığı rola diqqət çəkmək idi. Bu ilki tədbir FAO-nun 80 illik yubileyi ilə üst-üstə düşdüyü üçün tədbir çərçivəsində rəmzi olaraq 80 ağac əkilib.

Ağacəkmə aksiyasının əsas ideyası yaşıllıq sahələrinin artırılmasına, neftlə çirklənmiş torpağın münbitliyinin yaxşılaşdırılmasına və ekoloji tarazlığın bərpasına xidmət edir. Zeytun ağaclarının mütəmadi əkilməsi və Zeytun bağının salınması ərazidə eroziyanın azalmasına və davamlı ekosistemin formalaşmasına töhfə verir.

Tədbirdə dövlət qurumlarının, beynəlxalq təşkilatların, səfirliklərin, akademiya və vətəndaş cəmiyyətinin nümayəndələri, həmçinin uşaqlar, gənclər və media olmaqla ümumilikdə 130-a yaxın iştirakçı bir araya gəlib. İştirakçılar təqdimatlar, müzakirələr və praktiki fəaliyyətlər vasitəsilə sağlam torpağın ekoloji, aqrar və mədəni əhəmiyyəti haqqında məlumat əldə ediblər. Mərkəzin daxilində qonaqlar yerli gildən istifadə olunaraq keramika hazırlanması prosesi ilə tanış olub və gil materialının torpaqdan qaynaqlandığını öyrəniblər. Balaxanı ərazisində və Ekoloji Mərkəzdə uşaq və gənclər FAO və “EkoSfera” ekspertlərinin rəhbərliyi ilə “Kiçik Torpaq Detektivləri” adlı kəşf oyunu və kompost hazırlama üzrə ustad dərslərində iştirak ediblər. Bu praktiki təcrübələr torpağın funksiyalarını, ərzaq sistemlərini necə dəstəklədiyini və biomüxtəlifliyi necə qoruduğunu daha dərindən anlamağa imkan verib.

Açılış nitqlərində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, FAO-nun, “Bakı Abadlıq Xidməti” MMC-nin və “EkoSfera”nın nümayəndələri torpağın icmaların rifahı üçün həyati əhəmiyyətə malik canlı və yaradıcı bir resurs olaraq qorunmasının vacibliyini vurğulayıblar.

Gilabi Keramika Mərkəzində keçirilən “Torpaqdan Sənətə” adlı ustad dərsi zamanı torpağın xammaldan sənət əsərinə necə çevrildiyi nümayiş etdirilib. Keramika üzrə praktiki məşğələlər və gil formalaşdırılması ilə iştirakçılar – o cümlədən uşaqlar -torpağın dulusçuluq və mədəni irslə olan dərin əlaqəsini öz təcrübələrində hiss ediblər. “Sağlam Torpaq, Sağlam Həyat” mövzusundan ilhamlanan keramika işlərinin sərgisi bu əlaqəni daha da önə çıxarıb.

Tədbir iştirakçıların düşüncə və təəssüratlarının bölüşülməsi, gənc iştirakçıların təşəkkürlə qeyd edilməsi və FAO-nun daha firavan, davamlı və ədalətli gələcək naminə 80 illik fəaliyyətini simvolizə edən 80 ağacın əkilməsi ilə yekunlaşıb.

Əlaqədar məqalələr
City Life

Daşkəsən rayonunda növbəti ekoloji aksiya təşkil edilib

Daşkəsən rayonunda növbəti ekoloji aksiya təşkil edilib “AzerGold” QSC-nin…
►►►
City Life

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir

“Nar” inklüziv cəmiyyətin qurulmasına dəstəyini davam etdirir İnklüzivliyə dəstəyi…
►►►
City Life

“İmza N.N” adlı qala - konsert keçiriləcək

“İmza N.N” adlı qala – konsert keçiriləcək 17 dekabr saat 19.00-da Opera…
►►►