Kaspersky Azərbaycanda TON kriptovalyutası üzərindən “qazanc” təklif edən dələduzluq sxemi barədə xəbərdarlıq edir.
Ümumilikdə, 2023-cü il ərzində şirkətin həlləri Azərbaycanda istifadəçilərin saxta kriptovalyuta resurslarına 10 mindən çox keçid cəhdinin qarşısını alıb.

Kaspersky mütəxəssisləri insanlara Telegram vasitəsilə Toncoin (TON) kriptovalyutası üzərindən pul qazanmağı təklif edən mövcud sxemi araşdırıblar. Sxem piramida prinsipi əsasında işləyir və digərləri ilə yanaşı, həm də rusdilli istifadəçilərə yönəlib. Potensial qurban TON-a pul yatırmaq və sonra dostlarını messencerdə xüsusi söhbətə dəvət etmək və bunun üçün komissiya almaq yolu ilə cəlb edirlər. Ancaq reallıqda pul itirmək riski meydana çıxır.
Mərhələ 1: xidmətin aktivləşdirilməsi. İnsanları cəlb etmək üçün fırıldaqçılar rus və ingilis dillərində iki ədəd ətraflı video təlimat, həmçinin ekran görüntüləri olan mətn materialları hazırlayıb. İlkin olaraq istifadəçi kriptovalyutanın Telegram-da saxlanması üçün qeyri-rəsmi bot vasitəsilə xüsusi kripto pul kisəsi yaratmalıdır. Daha sonra o, guya pul qazanmaq fürsəti verən ayrı Telegram botundan istifadə etməli və oraya pul kisəsinin ünvanını daxil etməlidir. Sonra, ən azı 5,5 TON kriptovalyuta almalı və onu kripto pul kisəsinə köçürməlidir. Alış-veriş üçün qanuni vasitələrdən istifadə etmək təklif olunur: P2P bazarları (istifadəçilərə bir-biri ilə birbaşa kriptovalyuta ticarəti etməyə imkan verən onlayn platformalar), kriptovalyutalar və ya rəsmi Telegram bot. Bundan sonra ödənişli “sürətləndirici” tariflərdən birini seçməklə pul qazanmaq üçün həmin ayrı Telegram botunu aktivləşdirməlidir: onların qiyməti 5 ilə 500 TON arasında dəyişir. Piramidanın yaradıcıları iddia edirlər ki, tarif nə qədər bahadırsa, insan bir o qədər tez “pul qazanmağa” başlaya bilər. Beləliklə, istifadəçilər ən bahalı tarifi seçdikləri halda 500 TON-dan çox itki ilə üzləşirlər.
Mərhələ 2: “pul qazanmağın” başlanğıcı. Bu mərhələdə istifadəçi Telegram-da qapalı qrup yaratmalı və dostlarını oraya dəvət etməlidir. Fırıldaqçılar qrupda xidmətin təqdimatı və aktivləşdirmə təlimatları, həmçinin “pul qazanmaq” üçün kripto pul kisəsinin qeydiyyatı və Telegram botunun quraşdırılması üçün istinad linkləri yer alan iki video material yerləşdirməyi istəyirlər. Təcavüzkarlar ayrıca olaraq israr edirlər ki, kripto investor qrupa yeni bir insan əlavə etməzdən əvvəl şəxsən ona zəng etməli və xidmətin üstünlükləri barədə ona məlumat verməlidir. Yəqin ki, bunun daha çox inam doğuracağını gözləyirlər. İstifadəçinin tanışlarını dəvət etmək üçün komissiya alması, botu aktivləşdirməsi və kriptovalyutaya investisiya qoyması üçün guya ən azı beş nəfər lazımdır. Təcavüzkarlar qurbanı mümkün qədər çox tanış şəxsə zəng vurmağa, həmçinin onların fəaliyyətinə nəzarət etməyə təhrik edirlər.
Təşkilatçıların fikrincə, qazanc iki hissədən ibarət ola bilər: hər dəvət olunan tanış üçün 25 TON sabit ödəniş və dostların referal keçidləri vasitəsilə alacaqları “sürətləndirici” tarifi üçün komissiya. Əslində burada bir qazanan var – saxta sxemin qurucuları.
“İstifadəçilər müxtəlif xidmətlərdə, o cümlədən məşhur messencerlərdə – WhatsApp və Telegramda onlayn fırıldaqçılıqla qarşılaşa bilərlər. Sxem kriptovalyutada pul qazanmaq istəyənləri hədəf alır, əksər istifadəçilərin isə onunla işləmək təcrübəsi yoxdur və riskə məruz qalır. Məsələn, bu sxemdə qurbanlar çox sayda hərəkət qarşısında çaşqın vəziyyətə düşürlər və az adam niyə rəsmi botdan üçüncü tərəfə pul köçürməli olduğunu sorğulayırlar. Hətta dostlarınız və ya qohumlarınız tövsiyə etsələr belə, onlayn səxavətli təkliflərə tənqidi yanaşmaq vacibdir”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.
Onlayn fırıldaqçılıqdan qorunmaq üçün Kaspersky mütəxəssisləri tövsiyə edirlər:
- kriptovalyutanı naməlum və populyar olmayan kripto pul kisələrinə köçürməyin;
- açıq mənbələrdə xidmətlər haqqında məlumat axtarın və onlardan istifadə etməzdən əvvəl istifadəçi rəylərini diqqətlə oxuyun. Heç bir məlumat tapa bilmirsinizsə, risk etməmək daha yaxşıdır;
- iki faktorlu autentifikasiyadan istifadə edin və Telegram və digər xidmətlərdən gələn avtorizasiya üçün birdəfəlik kodları heç kimlə paylaşmayın. Məxfilik tənzimləmələrinizdə sizi qruplara kimin dəvət edə biləcəyini də seçə bilərsiniz;
- Kaspersky Premium kimi fişinq və fırıldaq resurslarına keçid cəhdi zamanı sizi xəbərdar edəcək etibarlı təhlükəsizlik həlli quraşdırın.