AFW çərçivəsində dizaynerlər milli dəyərlərini təqdim edəcək

Azərbaycan Moda Həftəsinin 16-cı yaz-yay mövsümü çərçivəsində 16-17 may tarixlərində yerli və xarici dizaynerlərin nümayişləri keçiriləcək. Tədbirlər Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin nəzdində çalışan Mədəni və Yaradıcı Sənayelərin İnkişaf Mərkəzinin dəstəyi ilə keçiriləcək.

Azərbaycan, Rusiya, Qazaxıstan, Moldova, Gürcüstan, Fransa, Vyetnam, Özbəkistan və Tacikistandan qatılan dizaynerlər, modelyerlər və brend yaradıcıları geniş auditoriyaya yaratdığı obrazlar vasitəsi ilə müasir dəb sahəsinin yeniliklərini, etnik modaya istiqamətlənən tendensiyanı, milli motivlərin geyim üzərində interpretasiyasını və ekskluziv parçalardan hazırlanan geyim nümunələrini təqdim edəcək.

16 may The Ritz-Carlton hoteldə tədbirin qonaqları beynəlxalq brendlər Zemfira Jafar, O’Blanc, Studio 4353, Tung Vu, The Names, Maison Keti, Menzer Zekizade Fashion School, Naz Maer, Nilufar Alakbarova, Azamat Somatov, Vays Asoev, Zherebtsov eksklüziv geyim nümunələrlə tanış ola biləcəklər.

Bundan əlavə, mayın 17-də Azərbaycan Dövlət Turizm Agentliyinin dəstəyi ilə Dövlət Tarix-Mədəniyyət və Təbiət qoruğu “Yanardağ” muzeyi ərazisində Art by Sofia, Shogy, Aktoty, Mussavir, Brand by Jamilya, Safiya Couture, Natavan brendlərinin kolleksiyalarının təqdimatları keçiriləcək.

AFW-ın 16-cı mövsümündə bir sıra Orta Asiya, Yaxın Şərq, keçmiş MDB və digər ölkələrdən qonaqlar, dizaynerlər, jurnalistlər, blogerlər və “buyer”lər iştirak edir.

Təşkilatçıların sözlərinə görə, Azərbaycan dəb həftəsinin 16-cı mövsümünün əsas mövzuları “alov”, “atəşpərəstlik” və Zərdüştlüy tarixi ilə bağlıdır. Bu həmçinin ölkə dəyərlərini, milli sərvətlərini dünya səviyyəsində tanıtmağa istiqamətlənən bir addım kimi qiymətlənir. Alov qədim dövrlərdən Azərbaycanın əsas rəmzlərindən biri sayılır və buna görə də ölkə dünyada “odlar yurdu” kimi tanınır. 

16-cı mövsüm çərçivəsində həmçinin B2B New Couture—Pirnia Collections (Paris) təsisçiləri Devid Pirniya və Nadejda  Kojevnikova tərəfindən “Beynəlxalq bazarda satışların düzgün aparılması. Uğurlu inteqrasiya üçün 10 qayda və qaçınılması lazım olan səhvlər” adlı panel müzakirələri aparılacaq. 15 may isə gənc dizaynerlər üçün ekoloji təmiz modaya istiqamətlənən “Up-Cycle Jeans” adlı müsabiqə keçirildi. Münsiflər tərəfindən müəyyən edilən 4 qalibə qiymətli hədiyyələr təqdim olundu.