Azercell-i Bakı Süni İntellekt Forumunda “Aicell” təmsil etdi

Rəy liderləri və sənaye mütəxəssislərini bir araya gətirən Bakı Süni İntellekt Forumunda yeni texnologiyaların transformasiya potensialı müzakirə olundu. Tədbir iştirakçıları süni intellektin ən son tendensiyaları, tətbiqi və inkişaf perspektivlərini özündə əks etdirən təqdimatlarla tanış oldular, panel müzakirələri və interaktiv seminarlara qatıldılar.

Azercell-in Müştəri Xidmətləri və Omni-Kanal İdarəetmə departamentinin direktoru Səbinə Zamanova çıxışında süni intellektin telekommunikasiya sahəsində tətbiqi və xüsusilə də müştərilər ilə birbaşa ünsiyyətdə istifadə imkanlarını gündəmə gətirdi. S.Zamanova Azercell-in Azərbaycanın telekommunikasiya sahəsində bir ilkə imza ataraq süni intellekt əsasında istifadəyə vermiş “Aicell” Virtual Assistent xidməti   haqqında məlumat verdi. Azərbaycan dilində tam spektr xidmət göstərən “Aicell”in abunəçiləri operatorlara yönləndirmədən bir çox sorğuları dərhal yerinə yetirmə xüsusiyyəti forum iştirakçılarının diqqətini çəkdi. Belə ki, müştəri sorğularını operativ şəkildə emal edən Virtual Assistent daha qısa müddət ərzində daha çox müraciətin cavablandırılmasına, həmçinin müştərilərin vaxtına qənaət edilməsinə dəstək olur.

Azercell “Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinə sadiq qalaraq yeni texnologiyaların tətbiqi ilə müştəri təcrübəsinin təkmilləşdirilməsi istiqamətində fəaliyyətini davam etdirir.