“Red Bull Car Park Drift” yarışının qalibi müəyyən oldu
9 iyun tarixində Dənizkənarı Bulvarda dünyanın ən həyəcanlı drift yarışlarından biri olan “Red Bull Car Park Drift”in Azərbaycan üzrə Milli finalı keçirilib. Qalib Niyaz Bədiyev, 25 ölkənin qatılacağı “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı Omanda təmsil edəcək. 16 nəfər iştirakçı arasında yarışan ötən ilki “Red Bull Car Park Drift”in qalibi Niyaz Bədiyev bu il də Milli Final mərhələsinin qalibi seçildi. O, bu ilin sonunda “Red Bull Car Park Drift”in Dünya Finalında Azərbaycanı təmsil etmək üçün Omana yola düşəcək. Həmçinin 2-ci və 3-cü yerlərin qalibləri müvafiq olaraq Elvin Xudaverdiyev, Pərviz Əzizov olub.
Azərbaycan Avtomobil Federasiyasının, Bakı Şəhər Halqasının təşkilati dəstəyi ilə keçirilən və özünəməxsus sərt qaydalarla zəngin olan “Red Bull Car Park Drift” yarışında ən bacarıqlı 16 nəfər iştirakçı Milli Final mərhələsinə yüksəlib.
Yarışmadan öncə yerli pilotları qaydalar və maneələr barədə təlimatlandıran küveytli drifter Ali Makhseed yarışmanın mərhələləri arasında bəzi influenserlərə “taksi gedişi” təcrübəsi yaşadıb. “Red Bull Car Park Drift” Milli Final mərhələsinin iştirakçılarını qiymətləndirmək üçün Livan, Küveyt və Mavrikidən beynəlxalq münsiflər heyəti iştirak edib. Məhz onların qiymətləndirilməsi ilə ən yüksək xal yığan iştirakçı yarışın qalibi seçilib. Qeyd edək ki, iştirakçılar driftinq bacarıqları ilə yanaşı maşınlarının görünüşü, səsi və təkərlərindən çıxan tüstünün həcminə görə də qiymətləndirilib.
“Red Bull Car Park Drift” yarışı Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə keçirilib. Final mükafatlandırılmasından öncə isə tədbirin xüsusi qonağı qismində tanınmış ifaçı Orxan Zeynallı öz tanınmış hitləri ilə drift trekində çıxış edib.