Füzuli Könüllüləri ilə görüş keçirilib

“Qayıdış Könüllüləri” Proqramı çərçivəsində yeni yaradılmış “Füzuli Könüllüləri” qrupu ilə görüş keçirilib.

Gənclər Təşkilatlarının Resurs Mərkəzində baş tutan görüşdə Gənclər Fondunun icraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov, Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Ramil Cabbarov, Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Nümayəndəliyinin aparıcı məsləhətçisi Ümid İsazadə və “Böyük Qayıdış” Gənclər Təşkilatının sədri Nail Şükürov iştirak edib. Görüş zamanı “Qayıdış Könüllüləri” Proqramı çərçivəsində həyata keçirilən və yaxın gələcəkdə keçirilməsi planlaşdırılan fəaliyyətlər haqqında fikir mübadiləsi aparılıb, könüllülərin  təklifləri dinlənilib və sualları cavablandırılıb. Həmçinin könüllülərə bilik və bacarıqlarının artırılmasına, işğaldan azad edilmiş ərazilərdə aktiv fəaliyyətin həyata keçirilməsinə dair tövsiyələr verilib, uğurlar arzulanıb.

Bildirilib ki, Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizdə aparılan işlərə gənc nəslin, xüsusilə də kökləri bu torpaqlara bağlı olan gənclərin daha geniş cəlb edilməsi çağırışına uyğun olaraq həyata keçirilən “Qayıdış Könüllüləri” proqramı çərçivəsində 14 mart 2024-cü il tarixində “Füzuli Könüllüləri” qrupuna qəbula start verilib və proqramda təmsil olunmaq üçün 150-dən çox müraciət daxil olub. Müraciəti müsbət dəyərləndirilmiş gənclər ardıcıl olaraq müsahibə, baza təlimləndirmə kursu və imtahan mərhələsindən keçiblər.

Könüllülərin hazırlanması üçün baza təlimləri peşəkar təlimçilər tərəfindən “Könüllülük fəaliyyətinin əsasları”, “Könüllü xidmətin təşkili”, “Gənclərin ideoloji hazırlığı”, “Yumşaq bacarıqlar”, “Psixoloji inkişaf”, “Liderlik və natiqlik bacarıqları” və “Minalardan qorunma qaydaları” mövzularında həyata keçirilib. Təlim və imtahan mərhələrini müvəffəqiyyətlə başa vuran 25 nəfər gənc Füzuli Könüllüsü olaraq fəaliyyətə başlayıb. Könüllülərin işğaldan azad olunmuş Füzuli şəhərinə ilk səfəri təşkil edilib və şəhərdə Füzuli Könüllülərinin təqdimatı keçirilib. Könüllülər yenidən qurulan, həyatın canlandığı Füzuli şəhərinin ərazisini gəzərək aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olublar. Həmçinin könüllülər şəhərdə məskunlaşan uşaq, yeniyetmə və gənclərlə görüşüb, öz təəssüratlarını onlarla bölüşüblər.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərdə könüllülük fəaliyyətini dəstəkləmək, əslən oradan olan gənclərin öz doğma torpaqlarında yenidənqurma və bərpa işlərində, eləcə də bölgənin zəngin tarixi-mədəni irsinin təbliğində iştirakını təşviq etmək və Böyük Qayıdış prosesinə töhfə vermək məqsədilə formalaşdırılan “Qayıdış Könüllüləri” Proqramı işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin müvafiq xüsusi nümayəndəliklərinin, Gənclər və İdman Nazirliyinin və Gənclər Fondunun dəstəyi ilə “Böyük Qayıdış” Gənclər Təşkilatı tərəfindən həyata keçirilir. Hazırda proqram çərçivəsində “Şuşa Könüllüləri”, “Ağdam Könüllüləri”, “Zəngilan Könüllüləri” və “Füzuli Könüllüləri”  qrupları fəaliyyət göstərir. Sözügedən qruplar üzrə fəaliyyət göstərən könüllülər müvafiq ərazilərdə müxtəlif könüllü fəaliyyətlərinə cəlb olunur və aktiv iştirak edirlər. Növbəti mərhələdə digər işğaldan azad olunmuş inzibati ərazi vahidlərinə uyğun olaraq könüllü qruplarının yaradılması nəzərdə tutulub.