ADY və Mətbuat Şurasının birgə elan etdiyi media müsabiqəsinin qalibləri mükafatlandırıldı

İyulun 10-da “Azərbaycan Dəmir Yolları” QSC (ADY) və Azərbaycan Mətbuat Şurasının “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı elan etdiyi media müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

Hazırda Azərbaycan Dəmiryol Muzeyi kimi fəaliyyət göstərən tarixi Sabunçu vağzalında baş tutan tədbirdə ADY-nin və Mətbuat Şurasının rəhbərliyi, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və Medianın İnkişafı Agentliyinin məsul əməkdaşları, tanınmış media nümayəndələri iştirak ediblər.

Tədbirdə ADY sədrinin müşaviri Aysel Soltanova çıxış edərək müsabiqənin “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində keçirilməsinin əhəmiyyətini vurğulayıb. ADY rəsmisi media nümayəndələrini qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə təbrik edib, şirkət tərəfindən media ilə əməkdaşlığa xüsusi önəm verildiyini qeyd edib: “Müsabiqəyə təqdim olunan araşdırma materialları Azərbaycanın “yaşıl təşəbbüsləri”ni və gələcək planlarını nümayiş etdirir. Azərbaycan Dəmir Yolları olaraq daha dayanıqlı ətraf mühit üçün sizin araşdırmalarınızda qeyd olunan təşəbbüsləri dəstəkləyirik”.

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid bildirib ki, sözügedən müsabiqəyə daxil olan 40-dan çox müraciət jurnalistlərin analitik yazı, videoreportaj və məqalələrin hazırlanması üzrə bacarıqlarını əks etdirib: “Media müsabiqəsinin əhatə etdiyi istiqamətlər jurnalistlərimiz tərəfindən geniş araşdırılıb və maraqlı faktlar ortaya çıxarılıb. Peşəkar media ekspertlərindən ibarət münsiflər heyəti materialları ədalətli və şəffaf qaydada qiymətləndirib”.