“AzerGold” QSC və Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında görüş keçirilib
Naxçıvan MR-da “AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İdarə Heyətinin sədri Zakir İbrahimov və Naxçıvan Muxtar Respublikasının (MR) ekologiya və təbii sərvətlər naziri Xanlar Mustafayev arasında görüş keçirilib.
Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələrinin iştirak ilə keçirilən görüş “Yerin təkinin geoloji öyrənilməsinə və mineral xammal bazasından səmərəli istifadəyə dair 2020-2024-cü illər üçün Dövlət Proqramı” və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nda əks olunmuş muxtar respublikada filiz, qeyri-filiz yataq və təzahürlərin tədqiqi sahəsində tərəflərin gördüyü işlər və fəaliyyətin koordinasiyalı şəkildə davam etdirilməsi ilə bağlı olub.
Görüşdə Xanlar Mustafayev muxtar respublikada ətraf mühitin mühafizəsi, təbii sərvətlərdən səmərəli istifadənin təmin olunması ilə bağlı görülən işlər barədə məlumat verib. Nazir milli dağ-mədən sənayesinin dayanıqlı inkişafı yönündə səmərəli fəaliyyət həyata keçirən “AzerGold” QSC-nin muxtar respublikada icra etdiyi geoloji tədqiqatların gələcəkdə mədən layihələrinin istismara verilməsi ilə bölgənin sosial-iqtisadi inkişafına mühüm töhfələr verəcəyinə əminliyini ifadə edib. Bu məqsədlə Naxçıvan MR-in Ekologiya və Təbii Sərvətlər Nazirliyi və “AzerGold” QSC arasında həm tarixi-geoloji məlumatların, həm də yeni tədqiqat materiallarının mübadiləsinin ümumi işə faydalı olacağı diqqətə çatdırılıb.
Zakir İbrahimov QSC-nin hasilat və istehsalat fəaliyyəti, eləcə də muxtar respublika ərazisində aparılan geoloji kəşfiyyat işləri barədə danışıb. Belə ki, o, aktiv hasilat aparılan Daşkəsən və Göygöl rayonlarındakı fəaliyyətin bölgədə iqtisadi aktivliyə təsiri, məşğulluğun artırılmasında müsbət rolu haqqında bəhs edərək, hazırda Culfa rayonunda yerləşən “Göydağ” filiz sahəsinə aid “Ortakənd” qızıl, “Göydağ” mis-porfir və “Başkənd” mis sahələri, Ordubad rayonunda yerləşən “Nəsirvaz” qızıl təzahürü sahəsində aparılan tədqiqatlar haqqında ətraflı məlumat verib. Muxtar respublika ərazisində həm qurudan, həm də havadan həyata keçirilən tədqiqatlar barədə danışan Zakir İbrahimov burada mərhələli tətbiqinə başlanılan qeyri-invaziv hiperspektral peyk çəkilişləri və aeroelektromaqnetik innovativ metodlardan bəhs edib. Tədqiqat işlərinin yekunu olaraq muxtar respublika ərazisində yaxın gələcəkdə mədən layihələrinin istismara verilməsi ilə ölkə iqtisadiyyatı, xüsusilə Naxçıvanın sosial-iqtisadi inkişafı, bölgədə məşğulluq, əhalinin rifah halının gücləndirilməsinə əlavə töhfə veriləcəyini, həmçinin aktiv hasilat sahələrinə yaxın yaşayış məntəqələrində sosialyönümlü proqramların, ekoloji layihələrin davamlı olaraq həyata keçiriləcəyi qeyd edilib.
Görüş qarşılıqlı maraq doğuran digər mövzuların müzakirəsi ilə davam edib, tərəflər muxtar respublikada dağ-mədən sənayesinin inkişaf etdirilməsi məqsədi ilə birgə səylərin gücləndirilməsinin vacibliyi barədə razılığa gəliblər.