Müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi üçün təşkil olunmuş mətbuat konfransı

24-26 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində regionda müdafiə sənayesinə həsr olunmuş ən nəhəng tədbir olan 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə “ADEX” sərgisi keçiriləcək. Paralel olaraq, 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları “Securex Caspian” sərgisi də təşkil ediləcək.

İlk “ADEX” sərgisi 2014-cü ildə təşkil edilib. İki ildən bir keçirilən sərgi bu il 5 illik yubileyini qeyd etsə də, artıq 10 ildir ki, fəaliyyət göstərir və ildən-ilə iştirakçı siyahısını və əhatə etdiyi sektorları genişləndirir. Sərgi 10 illik uğurlu fəaliyyəti ərzində dünyanın 50-dən artıq ölkəsini təmsil edən çoxsaylı şirkəti və 200-yə yaxın rəsmi nümayəndə heyətini bir araya gətirib. Bu illər ərzində sərgini 30000-dən çox qonaq ziyarət edib.

“ADEX” sərgisinin keçirildiyi ilk illərdən etibarən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev sərgi ilə tanış olur və tədbirin iştirakçı və qonaqlarına salamlama məktubu ünvanlayır. Əlbəttə ki, bu sərginin yüksək statusu və tədbirə olan etimadın göstəricisidir.

“ADEX” Azərbaycanda və regionda müdafiə sənayesi və təhlükəsizlik sahəsində mühüm hadisədir. Bu genişmiqyaslı tədbir regionda ən böyük hərbi texnika ekspozisiyalarından biri olmaqla yanaşı, Azərbaycanın müdafiə sənayesi kompleksinin gücü və qüdrətinin nümayişidir. “ADEX” sərgisi qabaqcıl texnologiyaların təqdimatı, beynəlxalq əməkdaşlığın gücləndirilməsi və ölkənin müdafiə sənayesinin inkişafı üçün effektiv platforma rolunu oynayır.  

2024-cü ildə “ADEX” və “Securex Caspian” sərgilərinin miqyası daha da genişlənərək, əvvəlki illərlə nisbətdə ekspozisiyada artım nümayiş etdirir. Belə ki, sərgilər bu il artıq Bakı Ekspo Mərkəzinin yeni istifadəyə verilmiş 4-cü zalı da daxil olmaqla bütün ekspozisiyasını, eləcə də açıq sahəsini əhatə edəcəkdir.

Sərgilərdə 38 ölkəni təmsil edən 270-dək şirkət iştirakını təsdiq edib. İştirakçı ölkələr Azərbaycanla yanaşı ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya Federasiyası, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləridir. Builki sərgilər iştirakçıların ümumi sayının 34%-ni təşkil edən yeni şirkətlər hesabına yenilənib. İştirakçı ölkələr arasında Macarıstan, Qətər, Sinqapur və Slovakiya 2022-ci il ilə müqayisədə sərgilərin yeni iştirakçılarıdır.

14 ölkə sərgilərdə milli pavilyonla təmsil olunacaq. Belə ki, Azərbaycan, Belarus, Çexiya, Çin, İtaliya, İsrail, Macarıstan, Pakistan, Qətər, Rusiya, Serbiya, Slovakiya, Türkiyə və Ukrayna sərgilərdə milli pavilyonla iştirak edəcək. 2022-ci il ilə müqayisədə iştirakçıların sayında 32% artım qeydə alınıb.

Ənənəvi olaraq, “ADEX” müxtəlif ölkələrdən nüfuzlu qonaqları və nümayəndə heyətlərini cəlb edir. Sərgiyə dünyanın 27 ölkəsindən 53 yüksək səviyyəli rəsmi nümayəndə heyətinin ziyarəti nəzərdə tutulmuşdur. Azərbaycan da daxil olmaqla, Belarus, Bəhreyn, Burkina-Faso, Əlcəzair, Gürcüstan, İordaniya, İsrail, İtaliya, Küveyt, Malayziya, Mərakeş, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Pakistan, Rumıniya, Rusiya Federasiyası, Səudiyyə Ərəbistanı, Serbiya, Slovakiya, Somali, Türkiyə, Türkmənistan, Ukrayna, Xorvatiya və Vyetnamı təmsil edən bu nümayəndə heyətləri tərkibində 300-dən çox rəsmi nümayəndənin sərgiyə qatılacağı gözlənilir.

Sərgi Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı “Caspian Event Organisers” və onun beynəlxalq tərəfdaşı “Caspian Event Management” şirkətidir.

“ADEX” sərgisinin qızıl sponsorları “Baykar” və “Israel Aerospace Industries”, bürünc sponsoru isə “Barzan Holdings” şirkətidir.

Bu sərginin uğurla təşkil edilməsində diqqət çəkən məqam bu tədbirlərə müvafiq dövlət strukturları tərəfindən aktiv dəstəyin göstərilməsidir. Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi sərgini dəstəkləməklə yanaşı, bu il tabeliyində olan “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC ilə birgə iki sərgi zalında stendlə, eləcə də Bakı Ekspo Mərkəzinin açıq sahəsində böyük ekspozisiya ilə təmsil olunacaq. 2024-cü ildə Azərbaycan Respublikası Müdafiə Nazirliyi ilk dəfə olaraq tədbirdə stendlə iştirak edəcək.

“ADEX” sərgisində dəniz gəmiləri və hərbi dəniz sistemləri, hərbi geyim və ləvazimatlar, hərbi laboratoriyalar, hərbi təhsil müəssisələri və hərbi təşkilatlar, ixracın təşviqi ilə məşğul olan müəssisələr, logistika xidmətləri, tibbi ləvazimatlar, mühəndislik sistem və qurğuları, müdafiə və təhlükəsizlik üzrə konsaltinq, optik-elektron avadanlıq və sistemlər, pilotsuz sistemlər, radiasiya, kimyəvi və bioloji müdafiə (RKB), radioelektron sistemlər, C4ISR, silah istehsalı üçün avadanlıqlar, silah və sursat, silahların utilizasiyası üzrə vasitə və texnologiyalar, simulyatorlar və təlim sistemləri, tədqiqat institutları, təyyarə və aviasiya sistemləri, zirehli döyüş nəqliyyat vasitələri və digər sektorlar təmsil olunacaqdır. 2024-cü ildə “ADEX” sərgisinin əhatə etdiyi bölmələr sırasına yeni bir sektor – kibertəhlükəsizlik əlavə edilmişdir.

“ADEX” sərgisi ilə paralel olaraq təşkil edilən “Securex Caspian” sərgisi hüquq-mühafizə, sərhəd, xilasetmə, yanğınsöndürmə və xüsusi xidmət orqanları üçün ləvazimatların, kompleks mühafizə sistemlərinin və silahların perspektivli modellərini nümayiş etdirəcək. 

“Securex Caspian” sərgisinə Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti və ilk dəfə Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti tərəfindən dəstək göstərilir. 2024-cü ildə ilk dəfə olaraq, Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Xidməti “Securex Caspian” sərgisində stendlə iştirak edir.

Sərgidə ekspert-kriminalistika vasitə və sistemləri, əməliyyat-axtarış avadanlıqları, girişə nəzarət və idarəetmə sistemləri, hüquq-mühafizə orqanları üçün xüsusi avtomobillər, informasiya təhlükəsizliyi, mühafizə xidmətləri, qəza-xilasetmə vasitə və avadanlıqları, silah və sursatlar, təhlükəsizlik sahəsində təhsil, video-müşahidə sistemləri, xüsusi geyim və avadanlıqlar, yanğın təhlükəsizliyi və s. bölmələr təqdim olunacaqdır.

“ADEX” və “Securex Caspian” sərgiləri üçün geniş işgüzar proqram hazırlanıb. Sərgi günlərində “Gələcəyin Milli Hərbi Sənaye kompleksi” adlı startap layihəsi təqdim olunacaqdır. 2022-ci ildə “ADEX” və “Securex Caspian” sərgiləri çərçivəsində keçirilən “Vision 2022 – Gələcəyin Milli Hərbi Sənaye kompleksi” layihəsi böyük uğur qazanmışdır. Bu uğurdan ilhamlanaraq, bu il də startaplara yenidən “ADEX” və “Securex Caspian” sərgilərində öz layihələrini təqdim etmək imkanı yaradılmışdır. “Gələcəyin Milli Hərbi Sənaye kompleksi” layihəsində müdafiə texnologiyaları, mühafizə, xilasetmə, robototexnika və kibertəhlükəsizlik sahəsində startaplar nümayiş olunacaqdır.

Tədbirlər çərçivəsində çoxsaylı işgüzar görüşlər keçiriləcək. Azərbaycanın müvafiq qurumlarının nümayəndələri ilə sərgi iştirakçıları, eləcə də beynəlxalq nümayəndə heyətlərinin üzvləri və sərgi iştirakçıları arasında ikitərəfli görüşlər təşkil olunacaq.

Bunlarla yanaşı, üç sərgi günü ərzində “Müdafiə sahəsində avtomatlaşdırma və robotlaşdırma: perspektivlər və çağırışlar”, “Azərbaycan Respublikasının azad edilmiş ərazilərinin bərpasındakı təcrübəsi”, “Müdafiə sənayesində yeni texnologiyalar: dronlar və pilotsuz sistemlər”, “Radiasiya təhlükəsizliyi, radioaktiv mənbələrin mühafizəsi və qəzaların aradan qaldırılması”, “Müasir tibbi avadanlıqların hərbi tibb sahəsində tətbiqi”, “Dəyişən təhdidlər: ətraf mühitin mühafizəsi istiqamətində kollektiv qayğılar”, ” Kibertəhlükəsizlikdə və hərbi sənayedə süni intellektin etik istifadəsində beynəlxalq nəzarətin tənzimlənməsi”, “Kiberdiplomatiyanın kibermüharibələrin azaldılmasındakı rolu” mövzusunda panel müzakirələri keçiriləcəkdir.  

Eyni zamanda tədbirlər çərçivəsində Bakı Ekspo Mərkəzinin 4-cü zalında Azərbaycan Hərb Tarixi Muzeyindən maket – “Zəfərimiz anbaan” sərgilənəcək, VR Zona təşkil ediləcəkdir. Bundan başqa, sərgilərin təqdimat zonasında Azərbaycanda hərbi geyimlərin təkamülünün təqdimatı baş tutacaqdır.

Tədbirlər çərçivəsində “ADEX 2024” sərgisinə həsr olunmuş “ADEX News” adlı qəzetin xüsusi buraxılışı çapdan çıxacaqdır. Qəzetdə iştirakçı şirkətlərin təqdim etdikləri yeniliklər və innovasiyalar ilə bağlı xəbərlər, eləcə də sərgiyə təşrif buyuran yüksək səviyyəli qonaqlar, müxtəlif nümayəndə heyətlərinin üzvləri, sahə mütəxəssisləri ilə müsahibələr dərc olunacaqdır.  

“ADEX” və “Securex Caspian” sərgiləri ilə paralel olaraq, Azərbaycanda ilk dəfə Kiberdiplomatiya üzrə Beynəlxalq Konfrans (ICCD) keçiriləcək. 25 sentyabr tarixində “Fairmont Baku” otelində təşkil ediləcək konfrans Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Rumıniya Respublikasının Kiberdiplomatiya Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutacaq. Tədbirin əsas tərəfdaşları Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzidir.

Sərgilərin rəsmi tərəfdaşları qismində “AzExpoMontage” MMC, “Caspian Freight Services”, “Atəşgah” Sığorta, “Hyatt Regency Baku”, “Ibis Baku City”, “Radisson Hotel Baku” və “Greenwich Travel Club” şirkətləri çıxış edir. Sərgilərlə bağlı yenilənən məlumatları rəsmi internet saytlarından (www.adex.azwww.securexcaspian.az) və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Azərbaycan Ticarət Forumu keçiriləcək

Azərbaycan Ticarət Forumu keçiriləcək Forumda idxal-ixrac əməliyyatları ilə bağlı…
►►►
İqtisadiyyat / Biznes

AccessBank-dan təhsil və səhiyyə işçilərinə 7%-dək endirim kampaniyası

AccessBank-dan təhsil və səhiyyə işçilərinə 7%-dək endirim kampaniyası! Müxtəlif…
►►►
İqtisadiyyat / Biznes

Unibank biznes sahibləri üçün komissiyaları sıfırladı

Unibank biznes sahibləri üçün komissiyaları sıfırladı Unibank biznes sahibləri üçün…
►►►