ADY “InnoTrans” beynəlxalq sərgisində geniş nümayəndə heyəti ilə təmsil olunur

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmovun başçılıq etdiyi geniş tərkibli nümayəndə heyəti 24-27 sentyabr tarixlərində Berlində keçirilən “InnoTrans” beynəlxalq sərgisində iştirak edir.

İki ildən bir təşkil olunan, 100 mindən çox iştirakçısı olan “InnoTrans” tədbiri ictimai nəqliyyat, o cümlədən dəmiryol nəqliyyatı vasitələri və texnikalarının nümayiş etdirildiyi ən iri beynəlxalq sərgilərdən biridir.

“InnoTrans 2024”ün əsas mövzuları nəqliyyat sektorunda rəqəmsallaşma, dayanıqlı inkişaf və süni intellektə əsaslanan rəqəmsal həllərdir. Budəfəki sərgidə 59 ölkədən 2940 şirkət, eləcə də 32 beynəlxalq təşkilat təmsil olunur.

ADY nümayəndə heyətinin sərgidə iştirakda məqsədi dünyanın qabaqcıl nəqliyyat şirkətlərinin ən son innovativ məhsulları, rəqəmsal həllərlə tanış olmaq və xarici dəmiryol administrasiyalarının nümayəndələri ilə müzakirələr aparmaqdır.

Sərginin ilk günü ADY rəhbərliyi BƏƏ-nin aparıcı “Etihad Rail” dəmiryol şirkətinin və Ukrayna Dəmir Yollarının nümayəndə heyəti ilə görüşlər keçirib.

Görüşlərdə əməkdaşlığın inkişaf perspektivləri, yükdaşıma, o cümlədən tranzit daşımaları istiqamətində səmərəli fikir mübadiləsi aparılıb, beynəlxalq dəhlizlər üzrə marşrutların şaxələndirilməsi məqsədilə ADY-nin son dövrdə atdığı addımlar diqqətə çatdırılıb. Xüsusilə ADY-nin Orta Dəhliz üzrə əməliyyatların rəqəmsallaşdırılması ilə bağlı həyata keçirdiyi layihələr qarşı tərəfdə böyük maraq doğurub.