Karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi vergi siyasəti vasitəsilə də dəstəklənəcək
Ölkəmizdə karbonsuzlaşma və alternativ enerjiyə keçid prosesi bütün vasitələrlə, o cümlədən vergi siyasəti vasitəsilə də dəstəklənəcək.
Bunu Bakıda keçirilən Karbon Qiymətqoyma üzrə Beynəlxalq Forumda çıxış edərkən iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Nazirin sözlərinə görə, vergi siyasəti iqtisadi və siyasi proseslərin mühüm həlqəsidir və bu effektiv alət özəl investisiyaların cəlb edilməsi, iqlim dəyişikliyinə qarşı mübarizə və “yaşıl” texnologiyalardan istifadənin genişləndirilməsində mühüm rol oynayacaq.
“Dövlət Vergi Xidməti ekoloji və “yaşıl” vergilərin tətbiq dairəsinin müəyyən edilməsi üzrə qabaqcıl beynəlxalq təcrübəni araşdırır. Azərbaycanın “yaşıl keçid” üçün həyata keçirdiyi tədbirlər ölkəmizlə məhdudlaşmır. Məqsədimiz bir sıra regional, hətta qlobal təşəbbüslər reallaşdırmaqdır. Azərbaycanda tətbiq edilən təcrübələrin, müəyyən mənada pilot layihələrin ən azı regional tətbiqini qiymətləndirməliyik. Ölkəmiz bu prosesə bir çox töhfələr verə bilər. Təbii olaraq bu prosesi təkbaşına həyata keçirməməliyik. İstənilən siyasətin və alətlərin geniş effektinə nail olmaq üçün onu beynəlxalq tərəfdaşlarla birlikdə həyata keçirməliyik”,- nazir qeyd edib.