Kaspersky: rəqəmsal mövhumatları birlikdə yox edirik

Hətta 2024-cü ildə belə internet və kibertəhlükəsizlik dünyası miflər və rəqəmsal mövhumatlarla doludur. Kompüter təhlükəsizliyi ilə bağlı bəzi yanlış təsəvvürlər o qədər geniş yayılıb ki, bir çox insanlar onları həqiqət kimi qəbul edirlər.

Kaspersky 10 min insanın iştirakı ilə böyük bir araşdırma aparıb və bir çoxlarının hələ də rəqəmsal miflərə inandığını öyrənib. Məsələn, onlar hesab edirlər ki, hər hansı ictimai “Wi-Fi”ya qoşulmaq tamamilə təhlükəsiz ideyadır və smartfonlar isə standart olaraq sahiblərinin bütün hərəkətlərini izləyir.

Mif №1. Çatbotları real insanlardan ayırmaq çətindir

Respondentlərin demək olar ki, yarısı, yəni 47%-i belə hesab edir. İlk baxışdan süni intellekt və insanla yazışmaları ayırd etmək çətin məsələ kimi görünür, xüsusən də “robotlar”ın Tyurinq testindən heç bir problem olmadan keçdiyini nəzərə aldıqda.

  • Botlar adətən daha rəsmi və monoton şəkildə yazırlar, halbuki insanda danışıq nitqi, jarqon və hətta emosional ifadələri aydın sezmək mümkündür. İnsanlar bəzən cavab verməzdən öncə çox düşündükləri üçün cavab verməkdə gecikə bilirlər, botlar isə bir göz qırpımında cavab göndərirlər. Xüsusi tapşırıqlar üçün proqramlaşdırılmış botlardan fərqli olaraq insanlarda bilik boşluqları və ya kontekst anlaşılmazlıqları ola bilər. Bir sözlə, bot faktoru təkrarlar və mövzudan minimum kənara çıxmaqla, quru, fakt üzrə cavablardan bəlli olur.

Mif № 2. Smartfonum yerdəyişmələrimi izləyir.

Respondentlərin üçdə ikisi (67%) əmindir ki, smartfonları daim onların geolokasiyasını izləyir. Bu fikrin mövcud olması üçün əsas var. Əksər hallarda bu cür “nəzarət” könüllü şəkildə təşkil olunur: istifadəçilər tez-tez tətbiqlərə çoxlu sayda icazələr verirlər və onlar da öz növbəsində məlumatları ən azından marketinq kampaniyaları qurmaq, maksimal məqsədlə isə real nəzarət təşkil etmək üçün (çox kiçik ehtimalla) öz tərtibatçılarına ötürə bilərlər.

  • Casus proqramlarını unutmayın – bunlar adətən qanuni proqramlar kimi maskalanan, lakin əslində zəngləri, mesajları qeyd edən və bəzən hərəkətləri izləyən zərərli proqramlardır. Buna görə də, narahat olan 67% respondentin hamısına cihazlarında casus proqram olmadığından əmin olmağı tövsiyə edirik. Bunun üçün etibarlı qoruma həlli quraşdırmaq kifayətdir.

Mif № 3. Söhbət zamanı təyyarə rejimini işə salmaq nəzarətdən qurtulmağa imkan verir.

İnsanların 28%-i söhbət edərkən telefonlarını söndürür və ya təyyarə rejiminə qoyurlar. Üstəlik, 26% bunu hər dəfə ictimai yerdə olan zaman edir. Mütəxəssislərimiz sizi əmin edir ki, casusluqdan qorumağın bu yolu səmərəsizdir. Səbəbi aşağıdadır:

  • Yoluxmuş smartfonun internetə çıxışı olmasa belə, telefonu əhatə edən səsləri yaza bilən troyanlar var. Təyyarə rejimi söndürülən kimi zərərli proqram toplanmış məlumatları dərhal təcavüzkarların serverinə ötürür. Bu cür funksionallıq, məsələn, “Trianqulyasiya əməliyyatı” kampaniyasında ortaya çıxan troyan vasitəsilə tətbiq edilib. Buna görə də, kibercasusluqdan qorunmaq baxımından xüsusi təhlükəsizlik həllindən istifadə etmək daha effektiv olacaq. Avia rejimi uçuşlara saxlayın.

Mif №4: İctimai “Wi-Fi”dan istifadə etmək təhlükəsizdir.

Dünya üzrə respondentlərin ən azı 39%-i bu fikirdədir – onlar yəqin ki, Parisdəki ictimai qaynar nöqtələr haqqında araşdırmamızı oxumayıblar. İyul ayında biz 25 000-ə yaxın unikal “Wi-Fi” giriş nöqtəsinin təhlükəsizliyini təhlil etdik və onların dörddə birinin tamamilə etibarsız olduğunu və bir çoxunun köhnəlmiş təhlükəsizlik protokolları ilə qorunduğunu aşkar etdik. Bu araşdırmanın nəticələrini dünyanın istənilən şəhərinə tətbiq etmək olar.

  • Odur ki, mümkünsə, ictimai “Wi-Fi” şəbəkəsinə qoşulmağa meylli olmayın və buna məcbur olsanız, o zaman qaydalara əməl edin: onlayn alış-veriş üçün ödəniş etməyin; ikifaktorlu autentifikasiya olmadan şəxsi hesablara daxil olmayın; laptopda təhlükəsizlik divarı (firewall) aktivləşdirin və cihazlarınızda fayl paylaşımını və “AirDrop”u söndürün.

Mif № 5. İnkoqnito rejimində hərəkətlərim görünməzdir.

İnkoqnito rejimini aktivləşdirmək internetdəki gəzintiniz üçün tam məxfiliyi təmin etmir. Bəli, bu rejim ziyarət edilən saytların tarixini, onlara daxil edilmiş məlumatları yadda saxlamır və məlumatları brauzer bazasına ötürmür – başqa sözlə, inkoqnito rejimi cihazınızda saytların ziyarətindən sonra geriyə heç bir iz buraxmamağa imkan verir. Lakin şəxsi rejim sizin IP ünvanınızı gizlətmir, ona görə də lazım gələrsə, olduğunuz yeri açığa çıxarmaq mümkün olacaq. Bir saytda qeydiyyatdan keçsəniz, şəxsiyyətinizi müəyyən etmək də mümkündür.

  • Brauzerin inkoqnito rejimindən istifadə, məsələn, ailə üzvləriniz üçün hədiyyələr axtardığınız zaman əla seçimdir. O, xüsusən hamınız eyni kompüter və brauzerdən istifadə edirsinizsə, lap yerinə düşür. Beləliklə, brauzerdəki hərəkətləriniz yadda qalmayacaq və bəzi qeyri-münasib kontekstli reklamlarla sürpriziniz ortaya çıxmayacaq. İnkoqnito rejimində başqa nə etməli və etməməli olduğunuz haqqında ayrıca məqalədə danışmışıq.

Əlaqədar məqalələr
Elm / Texnologiya

Azercell COP29 ərəfəsində “Turist” tariflərini yeniləyir

Azercell COP29 ərəfəsində “Turist” tariflərini yeniləyir Ölkəmizə səfər edəcək…
►►►
Elm / Texnologiya

Kaspersky yeni “Joker” filminin premyerası ilə əlaqəli fırıldaqçılıqla bağlı xəbərdarlıq edir

Kaspersky yeni “Joker” filminin premyerası ilə əlaqəli fırıldaqçılıqla bağlı…
►►►
Elm / Texnologiya

“akart” geniş fəaliyyətə başladı

“akart” geniş fəaliyyətə başladı! Yeni nəsil maliyyə həlli ilə nağdsız…
►►►