4SİM ABŞ-nin ESRI şirkəti ilə tələbələr üçün “ArcGIS” layihəsinə start verir
Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi (4SİM) Coğrafi İnformasiya Sistemləri (CİS) sahəsində geniş nüfuza malik olan ABŞ-nin ESRI şirkəti ilə əməkdaşlıq çərçivəsində “Tələbələr üçün ArcGIS” layihəsinə start verir.
Mərkəzin məlumatına görə, belə ki, 4SİM-in təşkilatçılığı ilə ESRI şirkətinin nümayəndələri tərəfindən Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC), Bakı Ali Neft Məktəbi (BANM) və Azərbaycan Texniki Universitetində (AzTU) təhsil alan, hər universitetdə 100 nəfər olmaqla, ümumilikdə 300 tələbə üçün “ArcGIS” platformasına ödənişsiz lisenziya təqdim olunacaq.
Layihənin tələbələrə ətraflı izahı və təqdimatın həyata keçirilməsi məqsədilə hər üç universitetin müəllim və tələbə heyətinin iştirakı ilə onlayn formada məlumat sessiyası keçirilib.
“Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” çərçivəsində “Elm-sənaye klasteri 4.0”-ın formalaşdırılması istiqamətində görülən tədbirlər sırasında olan bu layihənin əsas məqsədi tələbələrin rəqəmsal xəritələşdirmə və məkan analizi üzrə bilik və bacarıqlarını genişləndirmək, onlara ESRI-nin tanınmış ArcGIS platformasının tam funksionallığına çıxış imkanı yaratmaqdır. Tələbələr, CİS alətləri vasitəsilə real problemlər üzərində işləyərək, praktiki təcrübə qazanacaq və gələcək karyeralarını bu sahədə inkişaf etdirmək üçün əhəmiyyətli bir addım atacaqlar.
Universitetlər 9 ay ərzində “ArcGIS” lisenziyalarından ödənişsiz istifadə ilə təmin olunacaq. Tələbələ, ESRI-nin geniş təlim resurslarına, onlayn kurslara və dünyanın GIS üzrə ən böyük onlayn təlim platforması olan ESRI MOOC-a (Massive Open Online Course), eləcə də, Yer kürəsinin real vaxt rejimində xüsusi rəqəmsal atlasına çıxış əldə edəcəklər.