Transmilli şirkətlərlə onlayn ƏDV qeydiyyatı məsələləri müzakirə edilib
Fransanın paytaxtı Paris şəhərində İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) istehlak vergiləri üzrə texniki məsləhət qrupunun (TAG) iclası keçirilib. Böyük Britaniya, Almaniya, Avstriya, Belçika, İtaliya, Hollandiya, Norveç, Yaponiya və Çin Xalq Respublikasının dövlət qurumları ilə yanaşı, biznes sahəsində elektron xidmətlər göstərən transmilli şirkətlərin nümayəndələrinin də qatıldığı tədbirdə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətini Beynəlxalq vergitutma və vergi monitorinqi baş idarəsinin şöbə rəisi Emil Həsənov və əməkdaşı Çingiz Musayev təmsil ediblər.
Azərbaycanın nümayəndə heyəti “Rəqəmsal xidmətlər sahəsində fəaliyyət göstərən qeyri-rezidentlərin onlayn ƏDV qeydiyyatı” barədə təqdimatla çıxış edib. Tədbir zamanı Azərbaycan barədə qısametrajlı film nümayiş etdirilib, iqtisadi inkişaf göstəriciləri təqdim olunub və ölkəmizin vergi sistemində ƏDV-nin tətbiqi ilə bağlı məsələlər – qeydiyyat prosedurları, bəyannamənin təqdim edilməsi, vergilərin ödənilməsi barədə ətraflı məlumat verilib.
İclasda ƏDV/GST məqsədləri üçün “Rəqəmsal davamlı əməliyyat hesabatı” rejimləri, bu sahədə saxtakarlıq və rəqəmsal ticarətdə uyğunsuzluqla mübarizə strategiyalarını dəstəkləmək üçün vergi orqanları tərəfindən ödəniş məlumatlarının toplanması, kriptoaktivlərlə bağlı fəaliyyətlər, ƏDV/GST öhdəliklərinə uyğunluğu təmin etmək üçün rəqəmsal platforma operatorları tərəfindən lazımi yoxlama tədbirləri barədə məlumatlar təqdim edilib.
Tədbir çərçivəsində əməkdaşlığın perspektivləri istiqamətində müzakirələr aparılıb.