Azərbaycan “Brics+Fashion Summit” forumunda iştirak edib

“Azerbaijan fashion week” (AFW) Moskvada keçirilən  “BRİKS+Fashion summit” adlı beynəlxalq forumda iştirak edib. Tədbirdə Azərbaycanı AFW-nın kommunikasiya direktoru Arzu Vaqifqızı təmsil edib.

Oktyabrın 3-dən 5-dək moda assosiasiyalarının, tikiş və istehsal şirkətlərinin rəhbərləri, həmçinin dizaynerlər və moda sənayesinin aparıcı mütəxəssisləri Rusiya paytaxtında toplaşıb. Forumda geniş işgüzar proqram, seminarlar, müxtəlif ölkələrin adət-ənənələrini əks etdirən “İrs” beynəlxalq sərgisi təqdim olunub. Bu sərgisi BRİKS ölkələrinin, Asiya, Afrika və Latın Amerikasının inkişaf etməkdə olan ölkələrinin milli və mədəni nümunələrini yeni tendensiyalara əsaslanaraq formalaşmasını nümayiş etdirdi. Bu sərgidə “Natavan Brand” Azərbaycan milli geyimləri əsasında hazırladığı yeni kolleksiyasını təqdim edib.

“BRİKS+Fashion summit” forumunun əsas məqsədlərindən biri ölkələr arasında moda sahəsində  əməkdaşlığı formalaşdırmaq, mədəni və işgüzar əlaqələri gücləndirmək, innovasiya və davamlı inkişaf məsələlərini müzakirə etməkdir. Forumun müzakirələrində süni intellekt, investisiya və istehsal mövzuları da əsas yer alıb.

“BRICS+ Moda Sammit” inkişaf etməkdə olan ölkələr arasında təcrübə və ideya mübadiləsi, dəb vasitəsilə mədəni və iqtisadi əlaqələrin gücləndirilməsinə xidmət edən platforma kimi mühüm əhəmiyyət kəsb edir”, – deyə Arzu Vaqifqızı vurğulayıb.

Forum inkişaf etməkdə olan moda bazarında istedadların, dizaynerlərin və senaye şirkətlərin müxtəlif aspektlərindəki çətinlikləri aradan qaldırmağa və yeni inkişaf yollarının araşdırılmasına yönəlir. Azərbaycanın moda və mədəniyyət sahəsində uğurlu təcrübəsi qlobal arenada perspektivli dizayner və brendlərinin inkişafı üçün böyük əhəmiyyət kəsb edir.