Dünya Palatalar Federasiyasının Sammitində Azərbaycan nümayəndə heyəti iştirak edir

Oktyabrın 15-16-da Türkiyənin İstanbul şəhərində Dünya Palatalar Federasiyasının (WCF) Avropa və Asiya Regional Sammiti keçirilir. Federasiyanın prezidenti Rıfat Hisarcıklıoğlunun dəvəti ilə Sammitdə Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayevin rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edir.

Sammitdə “Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi Konfransına (COP’29) gedən yolda iqlim dəyişikliyində dövlət-özəl sektor əməkdaşlığının önəmi” mövzusunda Azərbaycan Respublikası Milli Məclisinin deputatı, BMT İqlim Dəyişikliyi COP29-un yüksək səviyyəli çempionu Nigar Arpadarai çıxış edib.

Paneldə geosiyasi çağırışlar, əlaqələndirilmiş siyasətlər, təmiz enerji layihələri vasitəsilə təmiz enerji texnologiyalarının inkişafının və kommersiyalaşdırılmasının sürətləndirilməsi ilə bağlı müzakirələr aparılıb. Tədarük zəncirlərinin karbonsuzlaşdırılması üçün aydın yolların yaradılması və xalis sıfır keçidləri idarə etmək üçün biznes ictimaiyyətinin aparıcı rolu vurğulanıb.

“KOS və iqlim uyğunlaşması: problemlər və imkanlar” mövzusunda olan paneldə isə Azərbaycanda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin sədri Orxan Məmmədov iştirak edib. Bu paneldə tədarük zəncirlərini karbonsuzlaşdırmaq üçün KOS-ların dəstəklənməsi və KOS-ların maliyyələşdirilməsi sxemləri araşdırılıb.

Daha sonra tədbir çərçivəsində Türk Ticarət və Sənaye Palataları Birliyinə üzv ölkələr arasında ticaret dövriyyəsinin daha da artırılması mövzusunda görüş keçirilib.

Səfər çərçivəsində Konfederasiya nümayəndə heyəti Qətər Ticarət və Sənaye Palatasının sədri Khalifa Bin Jassim Bin Mohammed Al Thani ilə görüşüb və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib.

Qeyd edək ki, ASK-ya üzv olan bir sıra şirkət və asossiasiya rəhbərləri də tədbirə qoşularaq B2B görüşlərdə iştirak edirlər.