ASK prezidenti İslam Ticarət və İnkişaf Palatası Baş Assambleyasının 40-cı iclasında çıxış edib

Oktyabrın 16-17-də Türkiyədə İslam Ticarət və İnkişaf Palatası Baş Assambleyasının 40-cı iclası keçirilib. İclasda Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev çıxış edib.

Konfederasiya prezidenti çıxışında bildirib ki, oktyabrın 10-11-ində Azərbaycanda keçirilən birinci Halal Biznes və Turizm Forumu milli istehsalçılar tərəfindən böyük maraqla qarşılanıb. M.Musayev İslam bankçılığı, Sukuk kimi istiqamətlərin inkişafı da daxil olmaqla halal investisiya alətləri ətrafında dialoqu gücləndirməyi, bu mənada Al-Baraka Banklar Qrupunun rəhbərinin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində Azərbaycan Mərkəzi Bankı, Maliyyə Nazirliyi ilə görüşlərinin xüsusi əhəmiyyətə malik olduğunu bildirib.

Konfederasiya rəhbəri İslam Ticarət və İnkişaf Palatasının üzvlərini Palatanın təşəbbüsü ilə 2025-ci ilin aprel ayında ölkəmizdə keçiriləcək “Dayanıqlı kənd təsərrüfatı forumu”na dəvət edib.

Qeyd edək ki, iki gün davam edən tədbirdə halal landşaftın yenidən müəyyənləşdirilməsi ətrafında müzakirələr, təşkilatın akkreditasiya proqramı, Baş Assambleyanın 40-cı iclası və investorlar arasında B2B görüşlər baş tutub.