Kənd Təsərrüfatı Nazirliyi ərzaqlıq buğda istehsalçılarına müraciət edib
2025-ci il məhsulu üçün müasir suvarma sistemləri ilə təchiz olunan sahələrdə ərzaqlıq buğda əkininə dair Kənd Təsərrüfatı Nazirliyi (KTN) ilə müqavilələrin bağlanması müddəti noyabrın 1-də başa çatır.
Nazirliyin məlumatına görə, öz sahələrində pivot suvarma sistemi quraraq ərzaqlıq buğda əkini aparmaq istəyən fermerlər qeyd olunan tarixədək KTN-ə müraciət edərək, müvafiq müqaviləni imzalamalıdırlar.
Qeyd edək ki, “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 19 iyul tarixli 1754 nömrəli Fərmanına əsasən, istehsalın etibarlı təşkili ilə əlaqədar tədbirlər 2024-cü ildə də davam etdirilib. 2024-cü ilin məhsulu üçün müqavilə imzalanmış 29 təsərrüfatda 23765 hektar pivotaltı sahədə ərzaqlıq buğda əkini aparılıb. Növbəti təsərrüfat ilində ərzaqlıq buğda əkini sahələrinin daha da genişləndirilməsi nəzərdə tutulur.