SOCAR brendli yanacaqdoldurma stansiyalarında yeni elektroşarj avadanlıqları quraşdırılıb

SOCAR brendli yanacaqdoldurma stansiyalarında (YDS) elektromobillər üçün elektroşarj avadanlığı quraşdırılıb.

Elektroşarj avadanlıqları “Yaşıl dünya naminə həmrəylik ili”çərçivəsində “SOCAR PETROLEUM” QSC-nin paytaxtda v müxtəlif bölgələrimizdəki yanacaqdoldurma stansiyalarında istismara verilib.

“Sigma charge” brendinə məxsus elektorşarj avadanlıqlarında Avropa və Çin istehsalı olan elektromobillər üçün iki enerji başlığı nəzərdə tutulub. Bununla da bir enerji stansiyasında eyni anda iki elektromobil şarj edilə bilər. Şarj avadanlığının istifadəsi üçün üzərindəki QR kodu oxudaraq tətbiqə daxil olmaq və istəyə uyğun enerji həcmi seçmək kifayətdir.

Hazırda mərhələli formada Bakı şəhərində 9 YDS-də elektroşarj avadanlığı istismara verilib. Tezliklə daha 3 yanacaqdoldurma stansiyasında quraşdırılması nəzərdə tutulur. Həmçinin İsmayıllı, Kürdəmir, Ağdaş, Şəmkir, Siyəzən rayonlarında fəaliyyət göstərən YDS-lərdə də elektorşarj avadanlığı artıq sürücülərin istifadəsinə verilib. Növbəti mərhələdə bölgələrimizdə xidmət göstərən daha 5 yanacaqdoldurma stansiyasında isə quraşdırılması planlaşdırılır.

Qeyd edək ki, şirkətin strateji inkişaf planına uyğun olaraq yeni tikiləcək yanacaqdoldurma stansiyalarının layihə texniki – şərtlərinə dəyişikliklər edilərək, hər bir stansiyada “şarj box”ların quraşdırılmasını şərt olaraq qəbul edilmişdir.

Yeni quraşdırılacaq elektroşarj aparatları respublika əhəmiyyətli avtomobil yollarının üzərində yerləşən, o cümlədən, işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarındakı “SOCAR PETROLEUM” QSC–yə məxsus yanacaqdoldurma stansiyalarının ərazilərində qurulacaq.