“Dilarənin monoloqları” kitabın təqdimatı baş tutub
Noyabrın 28-də Bakı Kitab Mərkəzində “Dilarənin monoloqları” adlı kitabın təqdimatı keçirilib. Əsər teleaparıcı, Əməkdar artist Dilarə Əliyevanın əsasən “Söhbət var” verilişindəki stəndapları əsasında ssenarist və prodüser Fariz Əliyev tərəfindən qələmə alınıb.
Kitabda müxtəlif mövzuları əhatə edən və səhnəmizin məşhur simalarının, həmçinin dünyadan köçən sənətkarların aforizmlərə çevrilə biləcək fikirləri yer alıb.
Təqdimatda Dilarə Əliyeva kitab haqqında təəssüratlarını bölüşüb:
“Düşündüm ki, mənim içimdə çox sözlər var, qasırğalar, tufanlar əsir. Bir aktrisa kimi monoloqları söyləmək istədim. Fariz Əliyevə ideyam haqqında məlumat verdim. Kitabın müəllifi Fariz Əliyevdir. O, ən yüksək şəkildə mənə dəstək oldu. Biz ikili olaraq dillərə əzbər olan monoloqlara imza atdıq. Hesab etdik ki, monoloqlar üçün kitaba ehtiyac var. İnsanlar gözəl cümlələri oxusunlar. Kitabda həyat, hisslər, zaman, xoşbəxtlik, korifeylərdən sitatlar, opera və muğam sənəti haqqında monoloqlar var. Mənim üçün kitabda ən çətin, dəyərli və şərəfli monoloq Oqtay Əliyev haqqındadır. Bu gün Oqtayın ruhu məni görür və təbrik edir. İnşallah, növbəti kitab da nəşr edilə bilər”.
Tədbirdə Xalq artistləri Zamiq Əliyev, Eyyub Yaqubov, Mehriban Zəki, Nəzakət Teymurova, Tünzalə Ağayeva, şairə Sevinc Çılğın, jurnalist və teleaparıcı İslam Qədirli və digər qonaqlar çıxış edib, D. Əliyevanın yaradıcılığının özünəməxsusluğundan söz açıblar.
Tədbirin sonunda Dilarə Əliyeva qonaqlar üçün kitabı imzalayıb.
Günel Həsənova