Azərbaycanlılar yüksək rəqəmsal savadlılığın daha çox gəlir əldə etməyə imkan verdiyinə inanırlar

Amma rəqəmsal savadlılıq üzrə təlimlərdə yalnız 42%-i iştirak edib.

Azərbaycanlılar hesab edirlər ki, daha yüksək rəqəmsal bacarıqlara malik olsalar, 36% daha çox gəlir əldə edə bilərər. Kaspersky tərəfindən keçirilmiş yeni sorğunun* nəticələrinə görə, iştirakçılar yaş qruplarına görə bu bacarıqların verdiyi imkanları müxtəlif cür qiymətləndiriblər. Belə ki, 18-25 yaş arası daha gənc respondentlər hesab edirlər ki, texnologiyalara daha yüksək səviyyədə yiyələnsəydilər, gəlirləri təxminən 1,5 dəfə (47%) çox ola bilərdi.

Şirkətlərdə aktiv rəqəmsallaşma həqiqətən texnologiya və kibertəhlükəsizlik üzrə bilik və bacarıqlar tələb edir, çünki işçilərin buraxdığı səhvlər bütün biznes üçün maliyyə və reputasiya itkilərinə səbəb ola bilər. Lakin sorğuda iştirak edən işçilərin əksəriyyəti (58%) rəqəmsal savadlılığın artırılması üzrə heç bir təlim/kurs keçməyib.

«Kollektivdə rəqəmsal savadlılığın aşağı səviyyədə olması kibertəhlükəsizlik baxımından bütün təşkilat üçün ciddi risklər yarada bilər. İşçilərə informasiya gigiyenasının əsasları barədə təlim keçmək və onların buraxdığı səhvlərin mümkün nəticələrini azaltmaq vacibdir. Bu məsələdə kompleks müdafiə həlləri kömək edə bilər: belə həllər fişinq linklərinə daxil olmağa imkan verməyəcək və təhlükəli proqramlar barədə xəbərdarlıq edəcək», – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirir.

*Sorğu 2024-cü ilin noyabr-dekabr aylarında “ERA Research” şirkəti tərəfindən aparılıb. Telefon üzərindən aparılmış sorğuda Bakı, Gəncə və Sumqayıt şəhərlərinin 18 yaşdan yuxarı 500 nəfər sakini iştirak edib.