Təyyarə qəzasında həlak olanların kredit öhdəlikləri silinib
“Azərbaycan Hava Yolları” aviaşirkətinin Bakı-Qroznı reysini yerinə yetirən təyyarəsinin 25 dekabr 2024-cü il tarixində Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində həyatını itirmiş vətəndaşlarımızın banklarda və bank olmayan kredit təşkilatlarında mövcud olan kredit öhdəlikləri Azərbaycan Respublikası Mərkəzi Bankının tövsiyəsi və Azərbaycan Banklar Assosiasiyası (ABA) və Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) təşəbbüsü ilə tam həcmdə müvafiq təşkilatların öz vəsaiti hesabına silinib.
Bu barədə Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Mikromaliyyə Assosiasiyasının birgə bəyanatında bildirilir.
“Bütün dövrlərin sınaqlarında xalqımızın və ölkə rəhbərliyinin yanında olmuş Azərbaycan Respublikasında fəaliyyət göstərən banklar və bank olmayan kredit təşkilatları adından, ABA və AMFA olaraq, qəza nəticəsində həyatını itirmiş şəxslərin ailə üzvlərinə dərin hüznlə başsağlığı verir, yaralılara isə şəfa diləyirik”, – açıqlamada vurğulanıb.