Ağdam Sənaye Parkının 70 faizə yaxın hissəsi sahibkarların istifadəsinə verilib
190 hektar ərazidə yaradılan Ağdam Sənaye Parkının 70 faizə yaxın hissəsi sahibkarların istifadəsinə verilib. Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) İdarə Heyətinin sədri Seymur Adıgözəlov Agentliyin 2024-cü ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.
Onun sözlərinə görə, Sənaye Parkı qısa müddət ərzində yaradılmasına baxmayaraq, hazırda rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci böyük park hesab edilir.
“İndiyədək Ağdam Sənaye Parkında 29 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu rezidentlər tərəfindən Sənaye Parkına 276 milyon manatdan çox investisiya yatırılması və 2400-dən artıq iş yerinin yaradılması nəzərdə tutulur. Artıq sahibkarlar tərəfindən Sənaye Parkında görülmüş işlərə 107 milyon manatdan çox investisiya yatırılıb, 457 daimi iş yeri yaradılıb”,- S.Adıgözəlov qeyd edib.
Agentliyin rəhbəri əlavə edib ki, hazırda Ağdam Sənaye Parkında 9 müəssisə fəaliyyət göstərir. Parkda istehsal edilən məhsulların daxili bazarda satışı ilə yanaşı, ixracı istiqamətində də uğurlar əldə edilib. Sənaye Parkının rezidentləri tərəfindən 22,3 milyon manatlıq məhsul satışı həyata keçirilib.