Çəltikçilikdə rekord göstərici: sığortalanmış sahələrin həcmi 87 faiz artıb

Çəltik əhəmiyyətli dənli taxıl bitkisi olmaqla həm yeyinti, həm də texniki məqsədlər üçün becərilir. Süfrələrimizi bəzəyən dadlı təamların hazırlanmasında bu bitkidən alınan düyüdən geniş istifadə olunur. Ölkəmizin müxtəlif bölgələrində çəltiyin “Ağ-qılçıq”, “Sarı-qılçıq”, “Uzros”, “Ağ-ənbərbü”, “Sədri”, “Krasnodar” kimi növləri yetişdirilir. Bu növlər üzrə məhsuldarlıq bölgədən asılı olaraq dəyişir. Məsələn, Şəki-Zaqatala zonası üçün “Ağ-qılçıq” və “Sarı-qılçıq” növləri daha məhsuldar hesab edildiyi halda, digərləri cənub və aran rayonlarında daha yaxşı bar verir.

Bu bitki, əsasən, iki üsulla əkilir. Şimal-qərb bölgəsində toxumsəpmə, cənub bölgəsində isə şitillə becərilmə effektivliyi ilə seçilir. Əsasən istini sevən çəltiyin hər hektarından orta hesabla 35-40 sentner məhsul götürmək mümkündür. Aqrotexniki qulluq yüksək səviyyədə olarsa, bu rəqəm hektar başına 60 sentnerə çata bilər. Azərbaycanda son illər kənd təsərrüfatında istehsalı artan məhsullar arasında çəltik ilk sıralarda gəlir. İstehsalla bağlı rəqəmlərə baxanda da bunu aydın görmək olur. Belə ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, 2023-cü ildə ölkəmizdə 14 min 893,4 ton çəltik istehsal edilib ki, bu da əvvəlki il ilə müqayisədə ciddi artım deməkdir. 2022-ci ildə sahələrdən 11 min ton yarım, 2021-ci ildə isə 10 min ton yarım məhsul əldə edilib. Son 10 il ərzində ən yüksək məhsuldarlıq 16 min 220 tonla 2017-ci ildə qeydə alınsa da, 2023-cü ilin rəqəmləri pandemiyadan sonrakı dövrün ən yaxşı göstəricisi hesab oluna bilər. İqtisadi bölgələr üzrə məhsuldarlıqda Mərkəzi Aran lider mövqedədir. 2023-cü ildə bu iqtisadi rayon üzrə 10 min 43 tondan çox məhsul istehsalı həyata keçirilib ki, bunun da 4 min 256 tonu Ağdaş rayonunun payına düşüb. Ucarda 2,7 min ton, Zərdabda isə 2,2 min ton məhsul əldə edilib. Lənkəran-Astara iqtisadi bölgəsi üzrə 3 min 565,6 ton məhsul toplanıb və 2 min 143,1 tonla Lənkəran rayonu bölgənin digər rayonlarını qabaqlayıb. Şirvan-Salyan iqtisadi rayonunda da əkinlərdə yüksək göstəricilər qeydə alınıb. Belə ki, Salyan rayonunda 2022-ci ildə 340 ton çəltik becərildiyi halda, 2023-cü ildə bu rəqəm 1265,6 tona bərabər olub. O ki qaldı hektar başına çəltiyin məhsuldarlığına, 2023-cü ildə 2021-ci ildəki kimi oxşar rəqəmlər qeydə alınıb. Ölkə üzrə məhsuldarlıq hektar başına 34,9 sentner olub.

İdxalı azaltmaq üçün hədəflər: çəltik əkinləri subsidiyalaşdırılır

Dövlət Gömrük Komitəsinin açıqladığı son statistika 2024-cü ildə Azərbaycana 64.306 ton düyü idxal edildiyini göstərir. Xaricdən düyü alışına çəkilən xərc 66 milyon 116 min ABŞ dollarını ötüb. Ötən ilin üçüncü rübünün göstəricilərinə əsasən, məhsulun əksər hissəsi Hindistandan alınıb. Böyük həcmdə düyü aldığımız bazarlar sırasında Qazaxıstan da var. Həmin rübün göstəricilərinə əsasən, Argentina, Çin, Pakistan, Tailand və Türkiyə əsas idxal bazarlarımız sırasında növbəti yerləri paylaşır.

Azərbaycanda ənənəvi becərilən bitkilər arasında olan çəltik ölkənin ərzaq təhlükəsizliyi zəncirində önəmli yer tutur. Son illər respublikada çəltikçiliyin inkişafına böyük önəm verilməklə bu sahəyə dövlət dəstəyi daha da gücləndirilib. Məhsul subsidiyalaşdırılıb və sığorta mexanizmləri genişləndirilib. Əkin sahələrinin və məhsul istehsalının artırılmasını sürətləndirən ən əsas dəstək məhz subsidiya mexanizmidir. Bu mexanizm çəltikçiliyə marağı artırmaqla yanaşı, bu sahə ilə məşğul olanların sayında da artıma gətirib çıxarıb. Ayrılan subsidiyalar hesabına təsərrüfatlara daha yaxşı aqrotexniki qulluq göstərmək mümkün olur ki, bu da məhsuldarlığa öz müsbət təsirini göstərir.

Kənd Təsərrüfatı Nazirliyindən bildiriblər ki, Aqrar Subsidiya Şurasının qərarı ilə 2025-ci təsərrüfat ilində çəltiyin hər hektarına görə fermerə 380 manat əkin subsidiyası ödəniləcək. Bir məqamı da nəzərə almaq lazımdır ki, çəltik əkini təkrar əkin formasında dəstəklənən bitkilər siyahısına daxildir. Bu baxımdan, 2024-cü təsərrüfat ilində çəltiyin təkrar əkinlərinə görə fermerlərə hər hektar üçün 100 manat təkrar əkin subsidiyası ödənilirdisə, 2025-ci ildə bu məbləğ 120 manata qaldırılıb. Subsidiya almaq üçün əkin sahələrinin 10 hektar və ya daha artıq olması əsas şərtdir.

Sığortanın 50 faizini dövlət qarşılayır

Ölkəmizdə təsərrüfat sahiblərinin günü-gündən aqrar sığortaya marağı artmaqdadır. Xüsusən yaz mövsümündə havaların dəyişkən keçməsi, gözlənilmədən sel və daşqınların yaşanması təsərrüfat sahiblərini, istər-istəməz, sığortaya üz tutmağa vadar edir. Sığorta mexanizmində fermerlər sığorta haqlarının yalnız yarısını ödəyirlər ki, bu da onların əlavə xərcə düşməsinin qarşısını alır. Sığortanın qalan 50 faizi dövlət tərəfindən qarşılanır. Bu da o deməkdir ki, fermerlər və təsərrüfat sahibləri kiçik məbləğdə ödəniş etməklə əkin sahələrini və heyvandarlıq sahələrini sığorta edə və risklərdən qoruna bilərlər.

Çəltikçi fermerlərə 112 min manatdan çox sığorta ödənişi edilib

Aqrar Sığorta Fondunun açıqladığı ən son rəqəmə görə, 2024-cü ildə Azərbaycanda 2.825 hektar çəltik sahəsi sığorta olunub ki, bunu da əvvəlki il ilə müqayisə etdikdə, nəzərəçarpacaq artım görünür. 2023-cü ildə sığortalanan çəltik sahələrinin həcmi 1.512 hektar idi. Rəqəmlərin müqayisəsindən aydın olur ki, 2023-cü illə müqayisədə 2024-cü ildə ölkədə aqrar sığorta vasitəsilə sığortalanan çəltik sahələrinin həcmi 1.313 hektar, faizlə ifadə etdikdə isə 87% artıb.

Çəltik sahəsini sığortalayan fermerlərə təsərrüfatlarında baş vermiş hadisələrə görə 2024-cü ildə 112 min 400 manat məbləğində sığorta ödənişi edilib. Belə ki, Ucarda 93,7 min manat, Lənkəranda 14,7 min manat, Ağdaşda isə 4 min manat sığorta ödənişi edilib. Çəltik sahələrinə dəyən zərər, əsasən, sel-subasma hadisələri nəticəsində baş verib.

41 adda bitkiçilik məhsulları sığortalanır

Qeyd etmək lazımdır ki, aqrar sığorta mexanizmi ölkədə 41 adda bitkiçilik məhsullarını əhatə edir və bunlardan biri də çəltikdir. Sığortanın əhatə dairəsi də genişdir. Dolu, qasırğa, fırtına, sel və subasma, leysan, ildırım, şaxtavurma, normadan artıq yağan qar yağıntıları, yanğın, zəlzələ, torpaq sürüşməsi kimi təbiət hadisələri ilə yanaşı, üçüncü şəxslərin hərəkətləri nəticəsində dəyən ziyan da aqrar sığorta çərçivəsində qarşılanır. Təsərrüfatını xəstəliklərdən və zərərvericilərdən qorumaq istəyənlər isə əlavə ödənişlər etməklə sığortanın bu növündən də faydalana bilərlər. Bütün hallarda sığorta ilə təsərrüfatı hər cür xoşagəlməz hallardan qorumaq mümkündür. Bu sahədə statistik göstəricilər, toplanan sığorta haqları, sığortalanan əkinlərin sahəsi, eləcə də sığorta ödənişlərinin artması fermerlər arasında bu xidmətə tələbin yüksək səviyyədə olduğunu deməyə əsas verir.

Faiq Kərimoğlu