Azərbaycan torpağının yeni meyvə və tərəvəzləri

Azərbaycanda mövcud olan iqlim tipləri kənd təsərrüfatı və meyvəçiliyin inkişafına müsbət şərait yaradır. Digər tərəfdən, torpağın məhsuldarlığı ölkəmizdə yetişən meyvə və tərəvəzlərin dadını digərlərindən fərqləndirir. Sirr deyil ki, xarici bazarlara ixrac olunan məhsullarımız dadına və görünüşünə görə hər zaman əcnəbi alıcıların diqqətini cəlb edir.

Təəssüf ki, dünyada yaşanan iqlim dəyişmələri, ekoloji tarazlığın pozulması kənd təsərrüfatına da təsirsiz ötüşmür. Əvvəllər tez-tez piştaxtalarda gördüyümüz meyvələr indi elə də gözə dəymir və ya “yox” deyiləcək qədər azalıb. Məsələn, bir vaxtlar adından söz etdirən Qubanın “ağ alma”sı, “rozmarin” kimi alma sortları daha yetişdirilmir. Gavalının çox sevilən “albuxara” növünə də bazarlarda rast gəlinmir. Amma maraqlısı odur ki, Azərbaycanda indiyə kimi görməyə alışmadığımız yeni meyvələr yetişdirilir və onların ixracı gözdən keçirilir. Bunlardan biri mavigilədir. Bəzən qaragilə kimi tanınan bu giləmeyvənin artıq subsidiyalaşdırılmasından söhbət gedir.

Azərbaycanda son illər geniş rast gəlinən mavigilə (qaragilə) az kalorili olduğu üçün qidalanmasına xüsusi diqqət ayıran insanlar üçün əvəzolunmazdır. Faydalarını isə saymaqla bitməz. Hətta ABŞ-dən olan alimlərin qənaətinə əsasən, bu meyvə ölüm riskini 21 faizə kimi azaldır. Giləmeyvənin tərkibində polifenollar var ki, onun istehlakı damar və beyin funksiyasının yaxşılaşmasına kömək edir, ürək-damar xəstəlikləri riskini azaldır. Gündə 100 qram mavigilə yemək qan təzyiqini aşağı salmağa kömək edir. Digər tərəfdən, sağlamlığa olan faydaları ilə yanaşı, yüksək ixrac potensialı olduğu üçün onun istehsalının artırılması hədəflənir. Bir sözlə, xarici bazarlarda bu giləmeyvəyə yüksək tələb yerli fermerləri də hərəkətə keçirib.

Azərbaycanda ilk dəfə mavigilə yetişdirənlərə subsidiya veriləcək

Haqqında bəhs etdiyimiz giləmeyvənin istehsalının artırılmasında dövlət də maraqlı görünür. Çünki 2025-ci ildən başlayaraq Azərbaycanda ilk dəfə intensiv mavigilə bağlarının salınmasına subsidiya ayrılacaq. Bununla bağlı qərar artıq təsdiqlənib. Aqrar Subsidiya Şurasının məlumatına əsasən, 2024-cü il sentyabrın 1-dən 2025-ci il mayın 31-dək Şirvan-Salyan, Dağlıq Şirvan, Abşeron-Xızı və Lənkəran-Astara iqtisadi rayonlarında torf və perlit qarışığında dibçəklərdə əkilən mavigilə bağlarının hər hektarına görə fermerlərə 15 min manat birdəfəlik əkin subsidiyası veriləcək. Subsidiyadan faydalanmaq istəyən fermerlər hər hektarda ən azı 3.400 ting əkməli, bağlar isə damcı suvarma sistemi ilə təmin olunmalıdır. Giləmeyvənin əkin materialları xaricdən gətirilsə də, son illər Azərbaycanda da bunun kütləvi istehsalına başlanılıb. Məsələn, Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun Biotexnologiya laboratoriyasında mavigilə bitkisi biotexnoloji üsulla çoxaldılır. Turşuluq (PH) səviyyəsi 6,5-dən artıq olmayan torpaqlarda əkilən mavigilə bağları ilə üzrə də subsidiya mexanizmi təkmilləşdirilib. Belə ki, damcı suvarma sistemi ilə təmin olunmuş və 1 hektara minimum 3.400 tingin əkildiyi belə bağlara 7.500 manat həcmində subsidiya veriləcək.

İlk baxışdan naringi və portağalı xatırladan dekapon (hallabonq) elə həmin iki bitkinin calağından əmələ gəlib. Lənkəranda 2015-ci ildən əkilən bu meyvənin ağacları Cənubi Koreyadan gətirilir, vətəni isə Yaponiyadır. XX əsrin 70-ci illərində təbii seleksiya yolu ilə yetişdirilməyə başlanan sitrus meyvəsinin görünüşü bir qədər armudvaridir, bir ədədinin çəkisi isə nə az nə çox – 350-400 qram arasında dəyişir. Bir ağacdan təqribən 200-300 kiloqram məhsul yığılır. 2019-cu ilə kimi Lənkəranın Sütəmurdov, Siyavar, Şürük, Tükəvilə kəndlərində ümumilikdə 100 hektardan artıq sahədə dekapon bağı salınıb. Orta hesabla bir hektar sahədən 35-40 ton məhsul əldə etmək olur. Yerli bazarla yanaşı, Rusiyaya da satılan meyvə, əsasən, diş tökülməsinin və şəkər xəstəliyinin qarşısını almaq üçün çox faydalı hesab edilir.

Azərbaycana yeni gətirilən sitrus meyvələrindən olan kinkan Lənkəran və Astara rayonlarında yetişdirilir. Vətəni Şərqi Asiya və Çin olan bu xırda meyvə portağala oxşayır, qabığı nazik, narıncı və ya qırmızı-narıncıdır. Ən çox yayılmış sortları Naqami və Meivadır və hər ikisi ölkəmizdə rast gəlinən növdür. Ətirli, şirin və xoşagələn dada malik bu meyvənin tərkibi A, C, E, B qrup vitaminlərlə, həmçinin kalium, kalsium, fosfor, sink, maqnezium, mis və dəmirlə olduqca zəngindir. Meyvənin sinir sisteminin fəaliyyətinə müsbət təsiri var, stressə qarşı mübarizədə effektli vasitələrdən hesab edilir. Kinkan meyvəsi sinirləri sakitləşdirməklə yanaşı, yorğunluğu aradan qaldırır, fiziki və zehni fəaliyyət zamanı məhsuldarlığı artırır. Yüksək qan təzyiqindən şikayətlənənlər üçün təbii dərmandır.
Azərbaycanda az sayda yetişdirilən, amma insanların maraqla qarşıladığı meyvələrdən bir də berqamotdur. Kəskin ətirli bir meyvə olduğu üçün əsasən çay istehsalında istifadə edildiyindən Masallıdakı çay plantasiyasında da yetişdirilir. Cənub bölgəsinin subtropik iqlimi və münbit hava şəraiti bu meyvənin istehsalını artırmağa imkan verir.

Bütün qış boyu ağacda öz təbiiliyini qoruyan meyvə düşünün. Son zamanlar Azərbaycanda geniş rast gəlinən payız zeytunu və ya yapon iydəsi (elaeagnus umbellata) dadı turş, rəngi isə qırmızı olan bir giləmeyvədir. Əsasən Şərqi Asiyada geniş yayılmış bu meyvə qışın sərt günlərində belə, ağacda öz təbiiliyini qoruyur və şaxtalı zamanlarda daha yeməli olur. Ölkəmizin Şimal-Qərb bölgəsində – Zaqatala və Balakən rayonlarında geniş yayılıb. Diqqətçəkən məqam odur ki, xırda üzümü xatırladan bu giləmeyvənin meyvəsi ilə yanaşı, yarpağı, gövdəsi və tumundan da təbabətdə dərman kimi sitifadə olunur. Yapon iydəsi dəmirlə zəngin olduğu üçün immun sistemini və yaddaşı gücləndirir.

Uzun illər ərzində aparılan tədqiqat işləri nəticəsində Azərbaycanda 4 yeni çay sortu əldə edilib. “Fərmançay”, “Fərmançay çəhrayı”, “Lənkəran”, “Xəzər” adları ilə tanınan bu sortlar gələcəkdə əkin sahələrində istifadə ediləcək. Azərbaycan alimləri Lənkəran bölgəsində seleksiya yolu ilə yeni limon və naringi növləri də yaradıblar. Bostan bitkisi yemişin də daha məhsuldar və yüksək dad keyfiyyətinə malik növləri əldə olunub.

Son illər AMEA-nın Lənkəran Regional Elmi Mərkəzində çay və sitrus bitkiləri ilə paralel olaraq, tropik-subtropik quayava meyvəsinin yerli şəraitə uyğunlaşdırılması işləri görülüb. Cənubi Amerikada geniş yayılan bu meyvənin bölgəmizdə açıq havada, qışda sintetik örtük və otaq şəraitində becərilməsi istiqamətində uğurlu nəticələr əldə edilib. Quayava bir sıra vitaminlərlə zəngin olduğundan qənnadı və tibb sənayesində, təbabətdə geniş istifadə edilir. Ağacın yarpaqlarından efir yağları alınır, həmçinin dekorativ yaşıllaşdırmada geniş istifadəsinə rast gəlinir. Bu meyvədə rekord miqdarda – orta hesabla hər 100 qramında 240 mq C vitamini var. Buna görə də əsasən tənəffüs yolu xəstəlikləri və qrip zamanı istifadəsi tövsiyə olunur.

Azərbaycanda yeni pomidor sortları da yetişdirirlir. Belə ki, 10 yeni sort dequstasiya edilib, həmin sortlar arasında çəkisi 400 qrama qədər olan pomidor növləri var. Yeni ixtira edilən sortlardan 3-ü ekzotik rəngli, xırda pomidordur və çiyələyə bənzəyir. Digər yeni sortlar isə salxım tipli pomidorlardır. Bu sort pomidorun biri 90-100 qram olur.

Son illər ölkəmizdə geniş yayılan və yerli turistlərin diqqətini cəlb edən bitkilərdən biri də lavandadır. Çöl bitkisi olduğundan su tələb etmir və bu da quraqlıq ərazilərdə maksimum məhsuldarlığa imkan verir. Bir dəfə əkiləndə 20 il davamlı məhsul verən bitki efir yağları ilə zəngindir. Onun yağından parfümeriya və dərmanların hazırlanmasında geniş istifadə olunur. Hepatit B və C viruslarının müalicəsində, qaraciyərin toksinlərdən təmizlənməsində effektlidir. 2024-cü ildə Azərbaycanda lavanda yağının istehsalı və satışı ilə məşğul olan “The Best Choice” MMC 1 ton civarında məhsul istehsal edib ki, bunun da təqribən yarısı Türkiyəyə ixrac olunub.

Faiq Kərimoğlu