Bakıda meksikalı rəssamların “Miqrant Ürək” adlı sərgi baş tutub
Milli Azərbaycan Tarixi Muzeyində meksikalı rəssamların “Miqrant ürək” adlı sərgisinin açılış mərasimi keçirilib.
Tədbirdə Meksika, Argentina, Kolumbiya, Çili, Avstriya, Macarıstan, İsveç, Yunanıstan, Portuqaliya, İspaniya, Fransa, Polşa səfirləri və nümayəndə heyətləri, muzey əməkdaşları, KİV nümayəndələri iştirak ediblər.

Tədbiri giriş sözü ilə muzeyin direktoru, akademik Nailə Vəlixanlı açaraq, Azərbaycan və Meksika arasıda mədəni-tarixi əlaqələrin əhəmiyyətini vurğulayıb. N.Vəlixanlı qeyd edib ki, “Azərbaycan Meksika rəssamlarının əsərləri ilə çoxdan tanışdır. Hətta 1950-ci illərdən Azərbaycan rəssamlarının Meksika rəssamları ilə əlaqələri olub. Bu gün də cəmiyyətimiz ABŞ-də yaşayan miqrant rəssamların rəsmləri ilə tanış olur”. Sərginin Azərbaycanda nümayiş olunmasının əhəmiyyəytini qeyd edən muzey direktoru, bu cür beynəlxalq sərgilərin təşkilinin mədəni irsin təbliğində və mədəniyyətlərarası dialoqun inkişafında mühüm rol oynadığını bildirib.
Daha sonra Meksikanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mariya Viktoriya Rome çıxış edərək “Miqrant ürək” səyyar sərginin Azərbaycanda nümayiş olunmasının Meksika mədəniyyətini tanımaqla yanaşı, həm də miqrasiya mövzusunun qlobal əhəmiyyətinə diqqət çəkmək baxımından xüsusi rol oynadığını qeyd edib. O bildirib ki, sərgi xaricdəki Meksikalılar İnstitutu tərəfindən Bakıda həyata keçirilir:
“Sərgi 23 miqrant rəssamın 40 əsərindən ibarətdir. Ümid edirəm ki, Bakı şəhərində təşkil ediləcək sərgi vasitəsilə insanlar vətəndən uzaqda yaşayan meksikalıların hisslərini, çağırışlarını duyacaqlar”.
Səfir sərginin təşkilinə verdiyi dəstəyə və sərginin uğurlu nümayişi üçün əlverişli şərait yaratdığına görə Milli Azərbaycan Tarixi Muzeyinin rəhbərliyinə və əməkdaşlarına təşəkkürünü bildirib.


Mədəniyyət işləri üzrə attaşe Aristeo Qonzalez Qerrero çıxışında deyib edib ki, “Miqrant Ürək” sərgisi miqrant meksikalılar tərəfindən həyata keçirilib: “Onlar ABŞ-də yaşayırlar. Onların əsərləri vasitəsilə vətən həsrəti, vətənlə bağlı xatirələri əks olunur. Bu, yaşadığımız məkandan asılı olmayaraq ölkəmizə bağlılığımızı təsdiq edir”.
Qeyd edək ki, sərgi Meksikada, ABŞ-nın Los Anceles, Çikaqo, Dallas, Hyuston, Mayami, Nyu-York kimi şəhərlərində də sərgilənib.
Sərginin muzeydə kurasiya işi, sərgi tərtibatçılığı muzeyin Beynəlxalq əlaqələr və ictimaiyyətlə iş şöbəsinin müdiri Zümrüd İsmayılova tərəfindən həyata keçirilib.
Sərgi 5 gün ziyarətçilərə təqdim olunacaq. Giriş ödənişsizdir