Daşkəsəndə yerli sahibkarlarla görüş keçirilib

“AzerGold” QSC tərəfindən Daşkəsən rayonunda sahibkarlıq fəaliyyəti göstərən hüquqi və fiziki şəxslərlə görüş keçirilib.

Daşkəsən Rayon İcra Hakimiyyətində təşkil olunan görüşdə rayon icra hakimiyyəti başçısının müavini Vüqar Məmmədov, “AzerGold” QSC-nin Satınalmalar və təchizat zəncirinin idarəolunması şöbəsinin müdiri Əminağa Dadaşov, Dövlət Məşğulluq Agentliyinin Gəncə-Daşkəsən Regional Məşğulluq filialı, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin nümayəndələri, eləcə də yerli sahibkarlar iştirak ediblər.

Görüş Daşkəsən rayonunda aktiv hasilat və istehsalat fəaliyyəti həyata keçirən “AzerGold” QSC-nin milli qanunvericiliyin tələbləri, mütərəqqi beynəlxalq təcrübə əsasında təşkil etdiyi satınalma müsabiqələrində yerli sahibkarların iştirakının təşviq edilməsi məqsədilə təşkil edilib.

Görüşdə Səhmdar Cəmiyyətinin tətbiq etdiyi “Satınalma qaydaları” haqqında sahibkarlara geniş məlumat verilib, müsabiqələrə müraciət qaydası, iştirak proseduru ətraflı izah edilib. Tədbir iştirakçılarına, həmçinin satınalmalarda iştirakın planlaşdırılması, ixtisas uyğunluğu göstəriciləri, müqavilənin icrası, satınalma sənədləri, təkliflərin təqdim edilməsi və qiymətləndirilməsi, nəticələrin öyrənilməsi və prosesə nəzarət mexanizmləri barədə müfəssəl məlumatlar verilib.

Qeyd olunub ki, Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən sistemli və ardıcıl tədbirlər, qanunvericilik bazasının təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi və vergi güzəştlərinin tətbiqi istiqamətində görülmüş işlər nəticəsində sahibkarlar üçün geniş imkanlar yaradılıb. Bu imkanlardan maksimum yararlanmaq, regionlarda məşğulluğun, iqtisadi aktivliyin artırılması, bölgənin iqtisadi rifahına davamlı töhfələrin verilməsi üçün mikro, kiçik, orta və iri sahibkarlıq subyektləri satınalma proseslərində daim fəal iştirak etməlidirlər.

Sonda sahibkarlarla fikir mübadiləsi aparılıb, onları maraqlandıran suallar cavablandırılıb.