Azərbaycanda sığortalanan əkin sahələri genişlənir
2024-cü ildə ölkə ərazisində Aqrar Sığorta Fondu tərəfindən sığortalanan əkinlərin sahəsi 447 min hektara çatıb. 2023-cü illə müqayisədə sığortalanan əkinlərin sahəsində 25 min hektar və ya 6 faiz artım qeydə alınıb.

Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, ötən il ölkədə əkin sahələrinin sığortalanması üzrə aqrar sığorta müqavilələrinin sayı 56 662-yə yüksəlib. Bu, 2023-cü illə müqayisədə 6 min müqavilə və ya 11 faiz çoxdur.
Ölkə üzrə ən çox sığortalanan buğda və arpa sahələri olub. 2024-cü ilin sonuna olan vəziyyətə sığortalanan payızlıq buğda sahələri 246 min hektar, payızlıq arpa sahələri 116 min hektar təşkil edib.
2024-cü ildə əkin sahələrinin sığortası üzrə 12,3 milyon manat aqrar sığorta haqqı toplanıb və bu əkinlərə ümumilikdə 513 milyon manat sığorta təminatı verilib.


İl ərzində qarpız sahəsinin sığortalanması ilə yanaşı, bu əkin sahəsində baş vermiş hadisə ilə əlaqədar olaraq böyük məbləğdə – 94,5 min manatlıq sığorta ödənişi həyata keçirilib. 2024-cü ildə Aqrar Sığorta Fondu tərəfindən 3 276 baş iribuynuzlu mal-qara sığortalanıb. Bu müqavilələr üzrə 1,9 milyon manat sığorta haqqı toplanıb və sığortalanan heyvandarlıq təsərrüfatlarına 20 milyon manat məbləğində sığorta təminatı verilib.