“Bizim Yaşıl Planetimiz” adlı rəsm sərgisi keçirilib

Bakıda “FantazEU” Mədəni İrs Festivalı çərçivəsində “Bizim Yaşıl Planetimiz” adlı rəsm sərgisi keçirilib.
Tədbir 11 mart Ambassadors’ Cultural Corner qalereyasında baş tutub.

 Sərgidə uşaqlar və yeniyetmələrin çəkdiyi rəsm əsərləri vasitəsilə planetin çirkləndirilməsi mövzusuna diqqət yönəldilib. 

Sərgi həm ətraf-mühitin qorunmasına, ekologiyanın təmiz saxlanılmasına diqqəti artırmaq, gənc nəsildə ekoloji şüurun formalaşmasına töhfə vermək, həm də gənc istedadların sənət mühitinə inteqrasiyasını təmin etmək, eyni zamanda, onların yaradıcılığını dəstəkləmək məqsədi daşıyır.

Avropa İttifaqının (Aİ) Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko tədbirdə çıxış edərək bildirib ki, bu sərgi Azərbaycanda fəaliyyət göstərdiyi dörd il ərzində müşahidə etdiyi ən təsirli sərgilərdən biridir:

“Biz bu planetdə birlikdə yaşayırıq və bura bizim evimizdir. Ona görə də bizim yaşıl dünyamız haqqında sərginin təşkil edilməsi qərara alındı. Planeti uşaqların gözü ilə görmək olduqca maraqlıdır. Çünki onlar reallıqları görürlər və bizə gördükləri şəkildə çatdırırlar.

Uşaqlarımıza yaxşı gələcək vermək bizim məsuliyyətimizdir. Uşaqların planeti necə gördükləri və görmək istədikləri onların əsərlərində əks olunub. Biz onların müşahidələrindən ilhamlanaraq planetimizi qorumalıyıq”.

Sərgi 18 mart tarixinə kimi açıq olacaq.