Mirzə Qədim İrəvaninin 200 illiyinə həsr olunan “Cənnət yuxusu” filminin premyerası keçirilib

Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin sifarişi və dəstəyi ilə milli təsviri sənət tariximizdə dəzgah boyakarlığının banisi kimi tanınan Mirzə Qədim İrəvaninin (1825-1875) həyat və yaradıcılığından, eyni zamanda qədim İrəvan şəhərinin tarixi və mədəni irsindən bəhs edən “Cənnət yuxusu” adlı bədii-sənədli film çəkilib.

Ekran əsəri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında Sərəncamının icrası ilə əlaqədar, “Yaradıcı Azərbaycan” tədbirlər planı çərçivəsində lentə alınıb.

Martın 11-də Heydər Əliyev Mərkəzində filmin premyerası keçirilib.

Gecədə dövlət və hökumət rəsmiləri, millət vəkilləri, mədəniyyət və elm xadimləri, kinosevərlər iştirak ediblər.

Ekran əsəri tamaşaçılar tərəfindən maraqla və alqışlarla qarşılanıb. Filmin ssenari müəllifi Yavər Rzayev, quruluşçu rejissoru Elxan Cəfərov, quruluşçu operatoru Ruslan Ağazadə, quruluşçu rəssamı Səbuhi Atababayevdir. Çəkilişləri Bakı, Şəki  şəhərlərində və Gürcüstanın müxtəlif bölgələrində həyata keçirilən filmdə Azərbaycanın görkəmli bəstəkarı, Xalq artisti Vasif Adıgözəlovun “Zabul-Segah” simfonik muğamından  istifadə edilib.

Filmin nümayişindən sonra yaradıcı heyət səhnəyə dəvət olunub. Quruluşçu rejissor Elxan Cəfərov, ssenari müəllifi Yavər Rzayev və Xalq artisti Yalçın Adıgözəlov filmin ərsəyə gəlməsində əməyi keçən hər kəsə təşəkkür ediblər.

Qeyd edək ki, “Cənnət yuxusu” filmi Mirzə Qədim İrəvaninin Azərbaycan incəsənətinə verdiyi töhfələri və milli mədəniyyət tarixindəki mühüm rolunu təsvir etməklə yanaşı, qədim Azərbaycan şəhəri İrəvanın tarixi və mədəni irsini, rəssamın sənətinə gətirdiyi yenilikləri, klassik Şərq ornamentlərini, miniatür sənətinə işıq salır. Ekran işində eyni zamanda Azərbaycanın İrəvan bölgəsi ziyalılarının mirasını və soydaşlarımızın Ermənistan ərazisindən deportasiyası da faktlar və arxiv materialları əsasında təqdim olunur.

Film “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” ilə bağlı təsdiqlənmiş Tədbirlər planına uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsait hesabına maliyyələşdirilib. Film həm yerli, həm də xarici auditoriyaya Azərbaycan mədəniyyətinin zənginliyini təqdim etməyi və ölkəmizin sənət sahəsindəki irsini dünya səhnəsində tanıtmağı hədəfləyir.

Əlaqədar məqalələr
İncəsənət / Dəb

Uşaqların sevimli “Aybolit”i gəlir

Uşaqların sevimli “Aybolit”i gəlir Azərbaycan Dövlət Kukla Teatrı növbəti premyeraya…
►►►
İncəsənət / Dəb

Can Ozan Bakıda unudulmaz musiqi gecəsi yaşadıb

Can Ozan Bakıda unudulmaz musiqi gecəsi yaşadıb Bakı Musiqi Akademiyasının nəzdində…
►►►
İncəsənət / Dəb

Məhəbbət Kazımovun xatirəsinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib

Məhəbbət Kazımovun xatirəsinə həsr olunmuş yaradıcılıq gecəsi keçirilib 3 dekabr…
►►►