İspaniya qurumları ilə görüş keçirilib

İspaniya Ticarət Palatası və CEOE ilə ölkələrimiz arasında iqtisadi-ticarət əlaqələrinin dərinləşdirilməsinə dair fikir mübadiləsi aparılıb.

Azərbaycan-İspaniya biznes forumu çərçivəsində İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO İspaniya Ticarət Palatası və İspaniya İşəgötürənlər Təşkilatları Konfederasiyası (CEOE) ilə görüş keçirib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ötən il Agentliyin İspaniyaya etdiyi işgüzar səfərlərdən, imzalanan sənədlərdən danışıb, keçirilən biznes forumun sözügedən təşəbbüslərin məntiqi nəticəsi olduğunu qeyd edib. Bildirilib ki, ticarət və investisiya tərəfdaşlığının gücləndirilməsi üçün Azərbaycanın strateji mövqeyi və tranzit imkanları İspaniya şirkətlərinə geniş perspektivlər açır. Bu müstəvidə yerli sənayenin İspaniyanın texnoloji həllərində və ölkəyə texnologiya transferində maraqlı olduğu vurğulanıb.

CEOE-nun Beynəlxalq Əlaqələr Komitəsinin prezidenti Marta Blanko iki ölkənin işgüzar dairələri arasında təmasların artmasında AZPROMO-nun fəaliyyətini yüksək qiymətləndirib. O, ticarət, xüsusilə, ölkəmizdən İspaniyaya ixracın genişləndirilməsi üçün Azərbaycan ixracatçılarının ölkəsində keçirilən sərgilərdə iştirakının təmin olunması ilə bağlı fikirlərini bölüşüb.

İspaniya Ticarət Palatasının baş icraçı direktoru İnmaqulada Riyera ölkəmizlə kənd təsərrüfatı sahəsində əməkdaşlığın inkişafı imkanları haqqında danışıb, bu sahədə İspaniyanın qabaqcıl təcrübələrindən Azərbaycan təsərrüfatlarının faydalana biləcəyi diqqətə çatdırılıb.

Görüşdə hər iki ölkənin investisiya və ticarət imkanların barədə məlumat mübadiləsinin aparılmasına dair razılıq əldə olunub.