“Tağıyev. Çar” Park Cinemada
Aprelin 3-dən “Park Cinema” kinoteatrlar şəbəkəsində dörd hissədən ibarət “Tağıyev” tarixi filminin çoxdan gözlənilən ikinci hissəsinin – “Tağıyev. Çar”ın nümayişi başlanıb.
Ekran əsəri Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyi ilə Bakı Media Mərkəzi tərəfindən lentə alınıb.

Filmin baş prodüseri Arzu Əliyeva, prodüseri Orman Əliyev, rejissoru Zaur Qasımlı, ssenari müəllifləri İsmayıl İman, Asif İsgəndərli və Zaur Qasımlı, operatoru Vladimir Artemyev, rəssamı Səbuhi Atababayev, geyim rəssamı Vüsal Rəhim, bəstəkarı Etibar Əsədlidir.
Film cəmiyyətin inkişafında, milli dəyərlərin təbliğində mühüm xidmətləri olan, adını ölkə salnaməsinə həkk etmiş böyük xeyriyyəçinin vəfatının 100 illiyinə özəl çəkilib.
“Tağıyev. Çar” haqqında qısaca: 1888-ci ilin payızında Bakı Zati-aliləri İmperator III Aleksandrın səfərinə hazırlaşır. Milyonçu və Bakı Şəhər Dumasının üzvü Hacı Zeynalabdin Tağıyev cəmiyyətdə nüfuz və status uğrunda mübarizə aparır. Şəhər rəisi Orlovski öz vəzifəsindən istifadə edərək intihar etmiş Təymurbəyovun neft sahəsini ələ keçirmək istəyir. Bu arada Hacının böyük oğlu İsmayıl generalın qızı Nurcahan Arablinskaya ilə tanış olur və onunla evlənmək niyyətindədir.