30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan və 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” sərgiləri

Bu gün artıq milli brendə çevrilmiş Xəzər regionunun ən böyük 18-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı “Caspian Agro” və 30-cu Yubiley Azərbaycan Beynəlxalq Qida Sənayesi “InterFood Azerbaijan” sərgiləri Bakı Ekspo Mərkəzində öz işinə başlamışdır. Sərgilər 16 may tarixinədək davam edəcəkdir. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri müvafiq sahələrdə fəaliyyət göstərən bütün oyunçuları bir araya toplayan ilin vacib hadisələridir. Bu illər ərzində sərgilər, etibarlı və tanınan milli brend olmaqla yanaşı, dünyanın aparıcı beynəlxalq tədbirləri sırasına daxil olaraq, qlobal sərgi təqvimində layiqli yerini tutmuşdur.

Sərgilərin ölkə üçün əhəmiyyətini ölkə başçısının bu tədbirləri ziyarət etməsi vurğulayır. Uzun illərdir ki, “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bakı Ekspo Mərkəzində sərgi ekspozisiyaları və iştirakçıları ilə tanış olur.  

Tədbirlər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilati dəstəyi ilə keçirilir. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA), Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA), Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi (AZPROMO), Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası (ASK), Azərbaycan Qida və İçki Sənayeçiləri Assosiasiyası (AQİSA), BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) və Azərbaycan Sərgi Təşkilatçıları Assosiasiyası (ASTA) “Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini fəal şəkildə dəstəkləyirlər.

Bu il “InterFood Azerbaijan” sərgisi öz 30 illik yubileyini qeyd edir. 30 il ərzində 50-dək ölkədən 3000-dən çox şirkət və 150,000-dən çox ziyarətçini qəbul edən sərgi səmərəli biznes platforması statusunu qazanmışdır. Sərgidə təqdim olunan yeni texnologiyalar və innovativ həllər qida sənayəsi sahəsinin inkişafına və biznes əlaqələrinin genişləndirilməsinə əlverişli imkanlar yaradır. Eyni zamanda “InterFood Azerbaijan” sərgisi ərzaq təhlükəsizliyinin əsas aspektlərini əhatə edərək, onun möhkəmləndirilməsində vacib rol oynayır.

Kənd Təsərrüfatı Nazirliyi bu il də sərgilərdə stendlə iştirak edir. 2025-ci ildə nazirliyin iştirakının əsas mövzusu süni intellektin kənd təsərrüfatında tətbiqi ilə bağlıdır. Belə ki, ölkə rəhbərliyinin tapşırığına uyğun olaraq süni intellektin kənd təsərrüfatında tətbiqi prioritet kimi müəyyən olunmuşdur. Sərgilər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi süni intellektin tətbiqi ilə bağlı bir neçə layihələri iştirakçılara təqdim edəcək. Hazırda gündəmdə olan əsas məslələrdən biri Azərbaycanda yerləşən universitetlərdə süni intellekt istiqamətində yetişdirilən tələbələr və bazarda olan böyük aqroparklar arasında sinerjinin yaradılmasıdır. “Caspian Agro” sərgisində əsas məqsədlər və hədəflər sırasına tələbələr və iri aqroparkların bir-biri ilə sinerji yaratması, süni intellektin kənd təsərrüfatında tətbiqinə bilavasitə təsir göstərməsi daxildir və bu istiqamətdə tədbirlər görüləcəkdir. Eyni zamanda, nazirlik nümayəndələri Kənd Təsərrüfatı Nazirliyinə aid stenddə müvafiq sahədə çalışan zəhmətkeşlərin müraciətlərini dinləyərək, onları maraqlandıran sualları cavablayacaqdır.

“InterFood Azerbaijan”  və “Caspian Agro”  sərgilərində 31 ölkədən 450 şirkət iştirak edir. Beləliklə, sərgilər Bakı Ekspo Mərkəzinin bütün pavilyonlarını və açıq sahəsini əhatə edir. İştirakçı və ziyarətçilərin istəklərini nəzərə alınaraq, bu il sərgilər 4 gün ərzində təşkil ediləcəkdir. Təşkilatçılar ümid edirlər ki, bu, sərgi iştirakçıları və ziyarətçiləri arasında qarşılıqlı əlaqə üçün yeni imkanlar yaradacaq və əlavə impuls verəcək.

Sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, ABŞ, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Cənubi Koreya, Fələstin, Finlandiya, Gürcüstan, Hindistan, İordaniya, İran, İspaniya, İsrail, İsveç, İtaliya, Kanada, Latviya, Misir, Niderland, Özbəkistan, Qazaxıstan, Rusiya, Serbiya, Şri Lanka, Türkiyə, Türkmənistan və Yunanıstanı əhətə edir.  Almaniya, Belarus, Cənubi Koreya, Gürcüstan, İtaliya, Niderland, Şri-Lanka, eləcə də ilk dəfə olaraq Misir sərgilərdə milli qruplar şəklində iştirak edir.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərini bir sıra xarici ölkələrdən nazirlərin başçılıq etdiyi beynəlxalq nümayəndə heyətlərinin ziyarət etməsi nəzərdə tutulmuşdur.

Sərgilərdə “Azersun”, “Beta”, “Futura”, Gəncə Avtomobil Zavodu, “John Deer”, “Kronen”, “Landini”, “Lindsay”, “Lovol”, “Metak”, “Mirotorq”, “New Holland”, “Solis”, “Valley” kimi aparıcı şirkətlər və sənaye liderləri təmsil olunur.

Sərgiyə dəstək verən strukturlar da tədbirlərdə fəal iştirak edir. Bu il KOBİA, AZPROMO, AQİSA kimi qurumlar sərgilərə öz stendləri ilə qatılırlar. Eyni zamanda bu ilki sərgilərdə Naxçıvan Muxtar Respublikası vahid stendlə təmsil olunur. Sərgilərin daimi iştirakçısı olan “Prior Leasing ASC” şirkəti “Caspian Agro” sərgisinin qeydiyyat sponsoru qismində çıxış edir.

Regionun ən böyük kənd təsərrüfatı sərgisi olmaqla, “Caspian Agro” kənd təsərrüfatı texnikası, obyektləri və avadanlıqları, suvarma sistemi, qablaşdırma, kənd təsərrüfatında innovasiya texnologiyaları, heyvandarlıq və quşçuluq, baytarlıq, bitkiçilik, meyvə və tərəvəzlərin yetişdirilməsi, gülçülük, tullantıların emalı, logistika, elektron kənd təsərrüfatı kimi sahələri əhatə edir. Sərgi yenidən kənd təsərrüfatı sənayesinin aparıcı iştirakçılarını, yerli və xarici ekspertləri, o cümlədən idxalçılar, ixracatçılar, kənd təsərrüfatı məhsullarının distribütorları, topdan və pərakəndə ticarət nümayəndələri, həmçinin fermerlər də daxil olmaqla minlərlə peşəkar auditoriyasını bir araya toplayaraq təcrübə, bilik və innovasiyalar mübadiləsi üçün unikal imkanlar yaradır.

Eyni zamanda sərgidə “Smart Agro” istiqaməti üzrə süni intellekt, ağıllı kənd, startaplar, İT xidmətləri, robototexnika, pilotsuz uçuş aparatları və “green agro” bölmələri yer alır.

“InterFood Azerbaijan” sərgisində isə qida sənayesi, içkilər, şirniyyat, süd məhsulları, qənnadı və un məmulatları, meyvə-tərəvəz, qablaşdırma, qida texnologiyaları, eləcə də, halal qida və digər bölmələr üzrə məhsul və xidmətlər təqdim olunur.

Sərgilər “Made in Azerbaijan” brendinin təşviqi üçün əlverişli platforma rolunu oynayır. Ötən il olduğu kimi bu il də “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində iştirakçılar bu brend altında məhsullarını nümayiş etdirirlər. Bu, qlobal kənd təsərrüfatı və qida sənayesində yerli istehsalın inkişafının və rəqabət qabiliyyətinin parlaq nümunəsidir. “Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri çərçivəsində zəngin işgüzar proqram təqdim olunmuşdur və maraqlı tədbirlər təşkil edilir. Sərgilərin təqdimat zonasında Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin təşkilatçılığı ilə 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu keçiriləcəkdir. 2-ci Beynəlxalq Aqrar İnnovasiya Forumu çərçivəsində müasir kənd təsərrüfatı yanaşmalarında aqropark modeli, süni intellektin aqrar sahədə tətbiqi, aqrar sığorta sisteminin inkişaf perspektivləri, dayanıqlı qida sistemləri, kənd təsərrüfatı və qida elmləri sahəsində təcrübə mübadiləsi, innovativ kənd təsərrüfatı, aqrar sahədə qadınların rolu və digər vacib mövzular üzrə müzakirələr aparılacaqdır. Forumda xarici qonaqların, o cümlədən nazirlərin iştirak edəcəyi gözlənilir.

Hər il təşkilatçılar Azərbaycanın müxtəlif regionlarından, eləcə də Naxçıvan Muxtar Respublikasından olan fermerlər üçün sərgiyə turlar təşkil edirlər. 2025-ci ildə ilk dəfə olaraq azad edilmiş ərazilərdə fəaliyyət göstərən fermerlər də sərgi üzrə keçirilən turlara qatılırlar. Sərgilər çərçivəsində fermerlər ən son sənaye yenilikləri və beynəlxalq təcrübə ilə tanış ola biləcəklər. Abşeron, Ağcabədi, Ağdam, Ağsu, Ağstafa, Ağdaş, Astara, Balakən, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Cəlilabad, Daşkəsən, Füzuli, Goranboy, Göyçay, Göygöl, Hacıqabul, İmişli, İsmayıllı, Kürdəmir, Laçın, Lənkaran, Lerik, Masallı, Neftçala, Oğuz, Qax, Qazax, Qəbələ, Qobustan, Quba, Qubadlı, Qusar, Saatlı, Sabirabad, Şabran, Şamaxı, Samux, Şəki, Salyan, Şəmkir, Siyəzən, Şuşa, Tərtər, Tovuz, Ucar, Xaçmaz, Xızı, Xocavənd, Yardımlı, Yevlax, Zaqatala, Zəngilan, Zərdab da daxil olmaqla 56 rayondan fermerlər sərgilərə qatılmışdır. Fermerlərin sərgiyə turlarının nəticəsi olaraq, təcrübə mübadiləsi təşviq edilir, bu da öz növbəsində istehsalın keyfiyyətinin yüksəldilməsinə və kənd yerlərində yaşayış şəraitinin yaxşılaşdırılmasına kömək edir.  

Uzun illərdir ki, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA)  sərgiləri fəal şəkildə dəstəkləyir, kiçik və orta sahibkarların tədbirlərdə iştirak etməsi üçün stend təşkil edir. Bu əməkdaşlıq çox məhsuldar xarakter daşıyır. Belə ki, hər il bu şirkətlər sərgilərdə iştirak edərək, bazarın yenilikləri ilə tanış olur, sahənin aparıcı liderləri ilə əlaqələr qurur və inkişaf edirlər.

“InterFood Azerbaijan” sərgisi artıq uzun illərdir ki, özündə ənənəvi “Qızıl Şah 2025” Beynəlxalq Kulinariya Çempionatını qəbul edir. Sayca 5-ci olan çempionatın təşkilatçısı Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasıdır. “Qızıl Şah” Çempionatı Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyi (“Worldchefs”) tərəfindən lisenziyalaşdırılmış tədbirdir və beynəlxalq norma və qaydalara uyğun keçirilir.

2024-cü ildən etibarən “Qızıl Şah” Çempionatı beynəlxalq komandaları qəbul etmək hüququna malikdir və “Worldchefs”in Kontinental Çempionatı statusunu almışdır. Çempionat çərçivəsində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Malayziya, Rusiya, Sinqapur, Türkiyə və Özbəkistanı təmsil edən aşpazlardan ibarət 8 komandanın iştirakı nəzərdə tutulmuşdur. Eyni zamanda çempionatda 30-dan çox yerli komanda yarışacaq və 300-dən yuxarı aşbaz fərdi iştirakçı kimi 10-dan artıq kateqoriya üzrə mübarizə aparır. Çempionatın münsiflər heyəti 16 ölkədən olan Ümumdünya Kulinariya Cəmiyyətləri Birliyinin lisenziyalı aşbaz-hakimlərindən ibarətdir.

Uzunmüddətli əməkdaşlığın gücləndirilməsi məqsədilə cari ilin aprel ayında “Caspian Event Organisers” şirkəti ilə Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyası arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanmışdır. Bu anlaşmaya əsasən “InterFood Azerbaijan” sərgisi ilə “Qızıl Şah” Milli Kulinariya Çempionatı arasında əməkdaşlıq 3 il müddətinə uzadılmışdır. Eyni zamanda korporativ sosial məsuliyyətlə bağlı da razılaşma əldə olunmuşdur. Belə ki, bu razılaşmaya əsasən “Caspian Event Organisers” şirkətinin təşəbbüsü ilə “Damla” Xeyriyyə cəmiyyətindən kulinariya sahəsində həvəsli və istedadlı 2 gənc Azərbaycan Kulinariya Mütəxəssisləri Assosiasiyasının təşkil etdiyi kurslara qatılacaqdır. Onlar 6 ay ərzində Bakı şəhərində fəaliyyət göstərən tanınmış aşpazlardan kulinariya sənətinin sirrlərini öyrənəcək və onların nəzarəti altında təcrübə toplayacaq, sonda isə müvafiq sertifikat əldə edəcəklər.

“InterFood Azerbaijan” sərgisi çərçivəsində “Ümid var” inklüziv cəmiyyətinin üzvü olan uşaqların yaratdığı rəsmlərdən ibarət sərgi təşkil olunmuşdur. Bu əsərlər sərginin axşam ziyafətini bəzəyəcək və ziyafət zamanı təqdim olunan əsərlərin xeyriyyə hərracı keçiriləcək.

Bu və digər layihələr “InterFood Azerbaijan” sərgisinin yubiley proqramının bir hissəsi təşkil edir.

Sərgilər çərçivəsində təşkil edilən ənənəvi ikitərəfli işgüzar görüşlər (B2B və B2G) zamanı yerli və xarici şirkətlərin nümayəndələri üzbəüz formatda əməkdaşlıq və gələcək tərəfdaşlıq yollarını müzakirə edirlər. Bundan əlavə, ikitərəfli işgüzar görüşlər çərçivəsində özəl şirkətlərin nümayəndələri dövlət qurumlarının təmsilçiləri ilə görüş imkanı əldə edirlər.

Eləcə də, sərgilərdə  iştirakçı şirkətlər tərəfindən seminarlar və təqdimatlar keçirilir. Belə ki, Almaniya Milli Pavilyonunda alman şirkətlərinin məhsullarının taqdimatı baş tutacaqdır.

Bütün bu məlumatlara əlavə olaraq, sərgilər çərçivəsində “müsahibə zonası” təşkil olunmuşdur. Bu guşədə sərgilərə dəstək göstərən dövlət qurumları və iştirakçı şirkətlərin nümayəndələrindən müsahibələr alınacaq.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgiləri kənd təsərrüfatı və qida sənayesi sahələrində ən vacib platformalardan biri olaraq, regionun əsas istehsalçı və distribütorları ilə birbaşa əlaqə qurmaq fürsəti yaradır, şirkətlər məhsul və xidmətlərini potensial müştərilərə və tərəfdaşlara nümayiş etdirmək şansı əldə edir, həmçinin ziyarətçilər müvafiq sənaye sahələrində olan ən son texnologiyalar və trendlərlə tanış olmaq imkanı qazanırlar.

Sərgilər Azərbaycanın kənd təsərrüfatı və qida sənayesinin inkişafına dəstək verərək, ölkənin ixrac potensialının artırılması, xarici investisiyaları cəlb edilməsinə imkan yaradır, eyni zamanda qida təhlükəsizliyi və innovativ həllərin tətbiqi üçün əlverişli platforma rolunu oynayır. Eyni zamanda, il ərzində görüşə bilməyən müvafiq sahələr üzrə mütəxəssislər sərgilərdə bir araya gələrək, məhsuldar müzakirələr aparmaq və əməkdaşlıq etmək imkanı əldə edir.

“Caspian Agro” və “InterFood Azerbaijan” sərgilərinin miqyasını və sərgi çərçivəsində keçirilən tədbirlərin zəngin proqramını nəzərə alaraq, “Caspian Agro” və “InterFood Azerbaijan” 2026-cı ildən etibarən yeni “AgriWeek” brendi altında keçiriləcəkdir. Təşkilatçılar ümid edirlər ki, bu, sərgilərə yeni təkan verəcək, həm iştirakçılar, həm də ziyarətçilər üçün daha geniş netvörkinq, sektorlararası əməkdaşlıq və effektiv biznes dialoqu üçün şərait yaradacaqdır.

Sərgilərin təşkilatçıları “Caspian Event Organisers” şirkəti, eləcə də onun beynəlxalq tərəfdaşları olan “Caspian Event Management” və “ICA Events” şirkətləridir.

Sərgilər haqqında ətraflı məlumatı www.caspianagro.az və wwww.interfood.az rəsmi internet səhifələrindən əldə etmək mümkündür.