Azerbaijan Fashion Week 2025: Moda, Yaradıcıq və Davamlılıq
20-25 may 2025 tarixlərində Bakı şəhərində Azerbaijan Fashion Week-in 18-ci mövsümü keçiriləcək. Regionun ən böyük moda tədbiri olaraq, AFW yerli və beynəlxalq dizaynerləri, dəb ekspertlərini, satış menecerlərini və media nümayəndələrini bir araya gətirir, eyni zamanda moda dünyasında yaradıcılığın təbliği və təcrübə mübadiləsi üçün unikal bir platforma təqdim edir.

Tədbir, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni və Yaradıcı Sənayelərin İnkişafı Mərkəzi tərəfindən dəstəklənir. Mərkəz, ölkədə yaradıcı sənayelərin inkişafına böyük töhfə verir, gənc istedadları və moda və dizayn sahəsindəki startapları dəstəkləyir.
Azerbaijan Fashion Week-in 18-ci mövsümü Yer elementi ilə əlaqələndirilmişdir və tədbirin mövzusu “The Spirit of Stone” (Daşın Ruhu) olaraq elan edilmişdir. Bu mövzu, təbiət və yaradıcılıq arasındakı dərin əlaqəni simvolizə edir, möhkəmlik, davamlılıq və əbədiliyi təcəssüm etdirir. Tədbirin keçirilməsi üçün seçilən məkanlar – 23 may Qobustan Dövlət Tarixi-Bədii Qoruğu və 24, 25 may Daş Salnamə Muzeyi — bu möhtəşəm tədbirə unikal bir atmosfer qatacaqdır. Azerbaijan Fashion Week 2025 çərçivəsində aşağıdakı tədbirlər planlaşdırılır. Tədbir çərçivəsində yerli və beynəlxalq dizaynerlərin nümayişləri, moda sənayesindəki son trendləri və yenilikləri təqdim edəcək.
Bundan əlavə, 20, 21, 22, 24 may tarixlərində təhsil proqramının keçirilməsi nəzərdə tutulub. Mütəxəssislər tərəfindən keçiriləcək ustad dərsləri və yaradıcı görüşlər, peşəkar bacarıqların inkişafına və təcrübə mübadiləsinə yönələcək. Tədbir haqqında ətraflı məlumatı AFW-nın Instagram səhifəsindən əldə etmək olacaq.