Vyetnamın Milli Sahibkarlıq Assosiasiyası ilə görüş keçirilib

Azərbaycan və Vyetnam şirkətləri arasında işgüzar əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə edilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da Vyetnam Sosialist Respublikasının Milli Sahibkarlıq Assosiasiyasının prezidenti Dinh Viet Hoa ilə görüş keçirilib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Agentliyin fəaliyyəti, “vahid pəncərə” funksiyası əsasında sahibkarlara göstərilən dəstək tədbirləri, ixracın təşviqi mexanizmləri, o cümlədən “Made in Azerbaijan” brendi və təsdiqi gözlənilən logistikanın subsidiyalaşması mexanizmi barədə məlumat verib. İki ölkə arasında son illər inkişaf edən iqtisadi münasibətlərin vacibliyi, Azərbaycan və Vyetnam şirkətləri arasında əməkdaşlığı genişləndirilməsi üçün imkanlarının mövcud olduğunu qeyd edib və bu sahədə konkret addımların atılması istiqamətində praktiki həllərin vacibliyini vurğulayıb.

Öz növbəsində Dinh Viet Hoa Vyetnam və Azərbaycan şirkətləri arasında potensial layihələrin stimullaşdırılmasının vacib olduğunu və bu sahədə Assosiasiyanın dəstək göstərəcəyini qeyd edib.