Cari ilin ilk dörd ayında 74,7 milyon dollar dəyərində pomidor ixrac edilib

Bu ilin yanvar-aprel ayları ərzində ölkədən 74,7 milyon ABŞ dolları dəyərində 60,1 min tondan çox pomidor ixrac edilib.

Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, ötən ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 5 faiz və ya 3,5 milyon dollar, həcmi isə 15,3 faiz və ya 7,9 min ton artıb.

Qeyd edək ki, cari ilin ilk dörd ayında pomidorun ümumi ixracda xüsusi çəkisi 0,85 faizə, qeyri-neft məhsullarının ixracında çəkisi isə 6,99 faizə bərabər olub.