KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun iclası keçirilib
İclasda dövlət qurumlarının sahibkarlara göstərdiyi xidmətlərin optimallaşdırılması, xidmətlərin “G2B” portalına inteqrasiyası, KOB evlərinin fəaliyyətinin səmərəli təşkilinə dair müzakirələr aparılıb.

“Bakı KOB evi”ndə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupunun növbəti iclası keçirilib. İclasda Koodinasiya Qrupunda təmsil olunan müvafiq dövlət qurumlarının nümayəndələri iştirak ediblər.
Koordinasiya Qrupunun sədri, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev 2024-cü ildə yaradılmış Kooordinasiya Qrupunun ilk iclasında verilmiş tapşırıqları xatırladaraq bu platformanın KOB sektoru ilə bağlı dəstək tədbirlərinə dair yeni təşəbbüs və layihələrin irəli sürülməsi, cari fəaliyyətlərə dair məlumatların paylaşılması, fikir mübadiləsi və məsləhətləşmələr, qarşıya çıxan problemlərə dair birgə həll yollarının araşdırılması üçün əhəmiyyətli olduğunu qeyd edib.
KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov ötən dövrdə Koordinasiya Qrupu çərçivəsində verilmiş tapşırıq və alınmış qərarların icrası ilə bağlı görülmüş işlər barədə məlumat verib. Bildirilib ki, müvafiq dövlət qurumlarının təklifləri nəzərə alınmaqla Koordinasiya Qrupunun 2025-ci il üzrə Fəaliyyət Planı hazırlanıb. Dövlət qurumları tərəfindən sahibkarlıq subyektlərinə göstərilən xidmətlərin optimallaşdırılması ilə əlaqədar müvafiq işçi qrupu formalaşdırılıb. İqtisadiyyat Nazirliyi də daxil olmaqla işçi qrupunda 19 dövlət qurumu təmsil olunur. Dövlət qurumlarının biznesə göstərdiyi xidmətlərin optimallaşdırılması ilə əlaqədar ilkin meyarlar hazırdır. Müvafiq dövlət qurularının rəy və təklifləri əsasında sözügedən meyarlar təkmilləşdirilib. Eyni zamanda dövlət xidmətlərinin “G2B” portalına inteqrasiyası üzrə platformaya yerləşdirilən bütün məlumatlar və xidmətlər audit edilib. Nəticədə 1 may 2025-ci il tarixinədək dövlət orqanlarının 1500-dən çox xidmətinin “G2B” portalına inteqrasiyası təmin edilib.
KOBİA sədri hazırda fəaliyyət göstərən və yaradılmaqda olan KOB evləri barədə də məlumat verirb.
İclasda “G2B” xidmətlərin reyestrində ödənişli əsaslarla həyata keçirilən xidmətlərin optimallaşdırılması istiqamətində fəaliyyətin təşkili, bu məqsədlə təklif edilən meyarlar və “fokus qrupları”n formalaşdırılması ətrafında müzakirələr aparılıb, həmçinin KOB evlərində fəaliyyətin səmərəli təşkilinə və “E-KOB Evi” portalına dair təqdimatlar keçirilib, dövlət qurumlarının təklifləri dinlənilib.


Qeyd edək ki, Nazirlər Kabinetinin 2024-cü il 13 yanvar tarixli Qərarı ilə isə KOBİA yanında daimi fəaliyyət göstərən Koordinasiya Qrupu yaradılıb. Koordinasiya Qrupu KOB-ların inkişafı sahəsində fəaliyyətin əlaqələndirilməsi, KOB evlərində Koordinasiya Qrupunda təmsil olun dövlət orqanları ilə KOBİA arasında səmərəli əlaqələndirmənin və operativliyin təmin edilməsi məqsədilə Agentlik yanında yaradılmış dövlət orqanlarının nümayəndələrindən ibarət ictimai əsaslarla daimi fəaliyyət göstərən kollegial orqandır. Koordinasiya Qrupunda 30-a yaxın dövlət qurumunun nümayəndəsi təmsil olunur.