I yarımildə 67 milyon manatlıq güzəştli ipoteka krediti verilib
2025-ci ilin yanvar-iyun aylarında İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına 232,5 milyon manat həcmində ipoteka krediti verilib ki, bunun da 67 milyon manatını güzəştli ipoteka kreditləri təşkil edir.

Fonddan verilən məlumata görə, ilin əvvəlindən adi ipoteka kreditləri hesabına 1.483, güzəştli ipoteka kreditləri hesabına isə 789 vətəndaşın və ya ailənin mənzil şəraiti yaxşılaşıb. 2025-ci ildə verilən ipoteka kreditlərinin orta məbləği isə 102.340 manat təşkil edib.
Şəxsi yığımları yetərli olmayan əhalinin daha aşağı ilkin ödənişlə ipoteka kreditindən faydalanmasını təmin etmək məqsədilə 01 iyul 2025-ci il tarixinə Fond tərəfindən 116,8 milyon manat məbləğində 1.294 ipoteka krediti üzrə zəmanət verilib. Ümumilikdə indiyədək Fondun vəsaiti hesabına 3,55 milyard manat dəyərində ipoteka krediti verilib ki, bu da 54,8 min ailənin mənzil şəraitinin yaxşılaşdırılmasına imkan verib. İpoteka kreditlərindən faydalananların 67 faizi gənclər və gənc ailələrdir.