AZPROMO Monteneqroya səfər edib

Səfər çərçivəsində bir sıra görüşlərdə iştirak olunub, birgə layihələrin həyata keçirilməsi, ticarət və investisiya əməkdaşlığının gücləndirilməsi, o cümlədən turizm sahəsində iqtisadi əlaqələrin möhkəmləndirilməsi perspektivləri dəyərləndirilib.

İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO, Azərbaycan Turizm Bürosu, eləcə də turizm, İKT, kənd təsərrüfatı, tikinti və ticarət sahələrindən 5 şirkətlə təmsil olunan Azərbaycan nümayəndə həyəti Monteneqroya səfər edib. Xatırladaq ki, COP29 zamanı AZPROMO ilə keçirilən görüşdə Monteneqronun turizm naziri Simonida Kordiç iki ölkənin sahibkarlarının birbaşa əlaqələndirilməsi və investisiya tərəfdaşlığının potensial inkişafı istiqamətlərinin öyrənilməsi məqsədilə ölkəmizin dövlət və özəl sektor nümayəndələrini Monteneqroya dəvət edib.

  • Monteneqronun Turizm Nazirliyində görüş

Azərbaycan sahibkarlarının iştirakı ilə keçirilən görüş zamanı AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev, Monteneqronun turizm naziri Simonida Kordiç, Məkan Planlaşdırılması, Urbanizasiya və Dövlət Əmlakı Nazirliyinin baş memarı Miryana Curisiç və Monteneqronun İnvestisiya Agentliyinin icraçı direktorunun dövlət-özəl tərəfdaşlığı üzrə müavini Merlina Toşiç Şahmanoviç ölkələrimiz arasında ikitərəfli investisiya, xüsusilə turizm və hotel biznesi sahələrində əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparıblar.

Tədbirdə həmçinin “Sea Breeze” layihəsinin Azərbaycanda investorlar üçün yaratdığı imkanlara, eləcə də Monteneqronun sərmayə mühitinə dair təqdimatlar nümayiş olunub.

  • Monteneqronun İnvestisiya Agentliyi ilə görüş

Görüşdə AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev və Monteneqronun İnvestisiya Agentliyinin direktoru Snejana Duroviç investisiyaların təşviqi və hər iki ölkənin investorlarının hüquqlarının qorunması məsələlərini müzakirə ediblər. Tərəflər həmçinin agentliklər arasında gələcək əməkdaşlığın hüquqi əsaslarının müəyyən edilməsi məqsədilə bu il keçirilməsi nəzərdə tutulan I Azərbaycan Beynəlxalq İnvestisiya Forumu çərçivəsində Anlaşma Memorandumunun imzalanması barədə razılıq əldə ediblər.

  • Monteneqronun turizm məkanlarına təşkil olunan səfər

Qeyd edək ki, səfər çərçivəsində nümayəndə heyəti Monteneqronun müxtəlif turizm məkanlarına – Lovçen milli parkı, “Portonovi”, Kotor, Perast və Kolaşin kurortlarına baxış keçirib, regionda yaradılan infrastruktur və işgüzar mühitlə yerində tanış olub. “Portonovi” layihəsi ilə tanışlıq zamanı, layihənin rəhbəri Mehmet Balcık kompleks haqqında məlumat verib, Azərbaycanın Monteneqroda əsas investorlardan biri olduğu və bu tendensiyanın davamı olaraq ölkəmizin Monteneqroda uğurlu investisiya fəaliyyəti vurğulanıb.

Kotor kanat yolunun baş icraçı direktoru Marko Kas ilə keçirilən görüşdə tərəflər Azərbaycanda, xüsusilə Qarabağ regionunda turizm və nəqliyyat məqsədlərinə xidmət edən oxşar infrastruktur layihələrinin birgə reallaşdırılması imkanları barədə fikirlərini bölüşüblər. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaradılan əlverişli biznes iqliminin Monteneqrodan olan investorlarda maraq doğurduğu bildirilib. Kotor kanat yolunun uğurunu nəzərə alaraq, Marko Kas I Azərbaycan Beynəlxalq İnvestisiya Forumuna dəvət olunub və ona səfər çərçivəsində işğaldan azad edilən ərazilərdə bu cür təşəbbüslərin reallaşdırılması imkanlarını dəyərləndirmək məqsədilə müvafiq ərazilərə baxışın keçirilməsi təklif olunub.

Bundan əlavə, nümayəndə heyəti Kolaşin dağ-xizək kompleksində qurulan infrastruktur və turistlər üçün yaradılan şəraitlə tanış olub. Görüş zamanı bu kimi istirahət məkanlarına investorların cəlb edilməsi, o cümlədən Azərbaycanda analoji layihələrə sərmayələrin yönəldilməsi imkanları müzakirə olunub. Dövlət-özəl tərəfdaşlığı modelinin tətbiqi, investorlar üçün cəlbedici şərtlərin yaradılması və təcrübə mübadiləsinin aparılması istiqamətində əməkdaşlığın mümkün formaları barədə fikir mübadiləsi aparılıb.

Əlaqədar məqalələr
İqtisadiyyat / Biznes

Asiya İnkişaf Bankı ilə görüş keçirilib

Asiya İnkişaf Bankı ilə görüş keçirilib AİB-in Azərbaycanın ixrac və dəyər…
►►►
İqtisadiyyat / Biznes

Yanvar-iyun aylarında MDB ölkələri ilə ticarət dövriyyəsi 25 faizdən çox artıb

Yanvar-iyun aylarında MDB ölkələri ilə ticarət dövriyyəsi 25 faizdən çox artıb 2025-ci…
►►►
İqtisadiyyat / Biznes

Uyğunluğu qiymətləndirən 78 qurum akkreditasiya edilib

Uyğunluğu qiymətləndirən 78 qurum akkreditasiya edilib Antiinhisar və İstehlak Bazarına…
►►►