Sahibkarlara 126 milyon manatdan çox güzəştli kredit verilib
2025-ci ilin yanvar-iyun ayları ərzində Azərbaycan Biznesinin İnkişafı Fondu tərəfindən 2371 layihəyə ümumilikdə 126,4 milyon manat məbləğində güzəştli kredit ayrılıb.

Fondun məlumatına görə, bu kreditlər hesabına 1800-ə yaxın iş yerinin yaradılması nəzərdə tutulur.
Bu ilin ilk 6 ayında güzəştli kreditlərdən yararlanan sahibkarlıq subyektlərinin 94,1 faizi regionlarda fəaliyyət göstərir. Verilən ümumi güzəştli kredit məbləğinin 70 faizi həmin sahibkarların payına düşüb.
Bu dövr ərzində Fondun güzəştli kredit mexanizmi iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarları əhatə edib. Yanvar-iyun ayları ərzində verilən ümumi güzəştli kredit məbləğinin 48,1 faizi sənaye (o cümlədən, kənd təsərrüfatı məhsullarının emalı), 44,3 faizi kənd təsərrüfatı, 5,3 faizi xidmət, 2,3 faizi isə digər sahələrdə fəaliyyət göstərən sahibkarların layihələrinə yönləndirilib.
Fondun güzəştli kreditlərindən yararlanan sahibkarların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləridir. Bu ilin birinci yarısında verilən güzəştli kreditlərin layihə sayı üzrə 99,8 faizi, kredit məbləği üzrə isə 90,4 faizi mikro, kiçik və orta sahibkarlara aiddir.
Güzəştli kreditlərdən yararlanan sahibkarlıq subyektləri arasında qadın və gənc sahibkarlara məxsus layihələr xüsusi yer tutur. Həmin dövr ərzində qadın sahibkarların 226 layihəsi 8,4 milyon manat güzəştli kreditlə təmin edilib. Gənc sahibkarların 63 layihəsinə isə 3,7 milyon manat güzəştli kredit verilib.