Bir neçə yerdə işləyən zumerlər kibercinayətkarlar üçün asan hədəfə mevriliblər
Kaspersky mütəxəssisləri xəbərdarlıq edirlər: bir neçə işi eyni anda görən gənc mütəxəssislər daha yüksək kiberhücum riski ilə üzləşirlər.
Şirkətin araşdırmasına görə, “Z” nəslinin nümayəndələrinin demək olar ki, yarısı tam iş günü, yarımştat və ya sərbəst rejimdə işləyirlər, bu isə onları kiberhücumlara qarşı xüsusilə həssas edir.

Əsas təhlükə müxtəlif layihələr üçün istifadə etməli olduqları çox sayda korporativ tətbiq və girişlərdən gəlir: “Zoom”, “Slack”, “Notion” və s. Onların hər biri potensial hücum əhatəsini artırır. 2024-cü ilin sonu və 2025-ci ilin ortaları arasındakı dövrdə ekspertlər saxta platformalardan istifadə edən 6 milyon hücum cəhdini qeydə alıblar. Çox vaxt təcavüzkarların “Zoom”, “Microsoft Excel” və “Outlook”u saxtalaşdırdıqları müəyyən edilib.
Sxem çox sadədir: qurbana guya proqram tərtibatçısından onu link vasitəsilə yeniləməyi xahiş edən məktub göndərilir. Linkə keçid məlumatları oğurlaya bilən və ya hətta iş mühitinə tam giriş əldə edə bilən zərərli proqramları yükləyən fişinq saytına yönləndirir.
Fırıldaqçılar həm də xüsusən uzaqdan iş və sərbəst iş seqmentinə aid saxta vakansiyalardan fəal istifadə edirlər. Onlar elan yerləşdirir, qurama müsahibələr aparır və müxtəlif bəhanələrlə iş axtaranların cihazlarına giriş əldə edir, onları bloklayır və ya viruslara yoluxdururlar.
“Biz məhz eyni vaxtda bir neçə yerdə işləyən və şəxsi cihazlardan iş məqsədləri üçün istifadə edən gənc mütəxəssislərə qarşı hücumların artdığını müşahidə edirik. Bu cür qarışıq iş rejimi onları kibercinayətkarlar üçün əlverişli hədəfə çevirir. Riskləri azaltmaq üçün ikifaktorlu autentifikasiyanı aktivləşdirmək, şifrə menecerlərindən istifadə etmək və tətbiqləri yalnız rəsmi mənbələrdən yükləmək vacibdir”, – deyə Kaspersky-nin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov qeyd edir.
Kaspersky mütəxəssisləri tövsiyə edirlər:
- Şübhəli e-poçtlara və təcili “sərfəli” təkliflərə cavab verməyin.
- Vakansiyaların və işəgötürənlərin qanuniliyini yoxlayın.
- Üçüncü tərəfin veb-saytlarına şəxsi məlumatları və ya şifrələri daxil etməyin.
- Fişinq saytlarını və zərərli yükləmələri bloklayan “Kaspersky Premium” kimi müdafiə həllərini quraşdırın.
Kibertəhlükəsizliklə bağlı tövsiyələrin tam siyahısını və təlim materiallarını Kaspersky-nin rəsmi saytından əldə edə bilərsiniz.