Bakıdan Ağdama 32 ildən sonra ilk sərnişin qatarı yola düşüb

30 avqustda Bakıdan Ağdama ilk sərnişin qatarı yola düşüb.

32 ildən sonra Qarabağa doğru hərəkət edən qatar tam doluluqla Ağdam Dəmir Yolu və Avtovağzal kompleksinə çatıb. Sərnişinlər arasında Ağdamdan olan tanınmış ictimaiyyət nümayəndələri, media mənsubları və digər qonaqlar olub.

Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksində bu tarixi hadisəyə həsr olunan tədbirdə çıxış edən Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov işğaldan azad edilmiş ərazilərdə görülən işlərdən danışıb.

“AZCON Holding” şirkətlərindən olan “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Nicat Quliyev azad olunmuş torpaqlara müntəzəm qatar səfərlərinin keçmiş məcburi köçkünlərin Ağdama qayıdışına, ümumilikdə Böyük Qayıdışa töhfə verəcəyini bildirib.

Qeyd edilib ki, Bakı–Ağdam–Bakı dəmir yolu Qarabağ iqtisadi rayonunda ictimai nəqliyyatın əlçatanlığını artırmaqla yanaşı, Ağdam və ətraf rayonların sosial-iqtisadi dirçəlişinə, Azərbaycanın bu bölgədə nəqliyyat imkanlarının genişlənməsinə dəstək verəcək.

Tədbir çərçivəsində Ağdamdan olan tanınmış ictimaiyyət nümayəndələri 32 il sonra qatarla doğma yurda qayıtmağın sevincini, ilk səfərin təəssüratlarını və xatirələrini bölüşüb, 1993-cü ildə işğal nəticəsində dayandırılmış bu reysin bərpasının Ağdam, ümumilikdə Qarabağ üçün əhəmiyyətindən danışıblar.

Sonra azad olunmuş ərazilərin bərpası çərçivəsində Prezident İlham Əliyev tərəfindən 10 mayda, Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümündə açılışı edilmiş Ağdam Dəmir Yolu və Avtovağzal Kompleksi barədə tədbir iştirakçılarına ətraflı məlumat verilib.

Qeyd edək ki, Bakı–Ağdam–Bakı qatarı hər şənbə günü saat 07:10-da Bakıdan Ağdama və 18:20-də Ağdamdan Bakıya yola düşür. Komfortlu səfərlərin təşkili məqsədilə işğaldan azad edilmiş ərazilərə giriş icazəsi avtomatik təmin olunur. Səfərlər İsveçrənin “Stadler” şirkətinin istehsalı olan müasir “FLIRT” qatarı ilə həyata keçirilir.

Xatırladaq ki, işğal dövrünə qədər Bakıdan Ağdama kimi sərnişin daşımaları Bakı–Xankəndi–Bakı marşrutu üzrə hərəkət edən yataq tipli qatarla həyata keçirilirdi. Qatarlar Bakı–Ağdam–Bakı istiqamətində sonuncu dəfə 1993-cü ildə hərəkət edib. Həmin vaxt qatarla Ağdama kimi 371 km olan məsafə 8 saat yarıma qət edilirdi.

Əlaqədar məqalələr
Nəqliyyat / Logistika

ADY Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin daşımalarına start verir

ADY Bakı–Ağdam–Bakı marşrutu üzrə sərnişin daşımalarına start verir AZCON Holding…
►►►
Nəqliyyat / Logistika

Türkiyədə Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verilib

Türkiyədə Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verilib Cümə günü, avqustun…
►►►
Nəqliyyat / Logistika

Bakı Dəmiryol Vağzalının parklanma xidməti....

Bakı Dəmiryol Vağzalının parklanma xidməti metro şaxtasının tikintisinə görə…
►►►